“Dayazsulu Abşeron”da ikinci kəşfiyyat quyusunun qazılması üçün danışıqlar gedir

Energetika
  • 04 noyabr, 2021
  • 11:36
“Dayazsulu Abşeron”da ikinci kəşfiyyat quyusunun qazılması üçün danışıqlar gedir

Abşeron yarımadasının dayazsulu hissəsinin Şimal Xali sahəsində ikinci kəşfiyyat quyusunun qazılmasına müvafiq icazələrin alınması üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin hökumətlə müzakirəsi gedir.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə bu ilin üç rübü ilə bağlı Binzesə dair yaydığı hesabatda qeyd edilib.

“Layihə çərçivəsində ikinci kəşfiyyat quyusu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi 2021-ci il 1 iyul tarixində ictimaiyyətə açıqlanıb və hökumətə təqdim edilib. Quyunun bu ilin dördüncü rübündə qazılmasına müvafiq icazələrin alınması üçün sənədin hökumətlə müzakirəsi davam edir”, - məlumatda deyilir.

Bildirilir ki, Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına bu il avqust ayının 16-da başlanıb: "Quyunun qazma işləri təxminən 2 300 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir.

Quyu layihə dərinliyinə çatdıqdan sonra, əldə edilmiş məlumatlar təhlil ediləcək və göstəricilər uğurlu olarsa, nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər".

Qeyd edək ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.

Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edilir. Burada qazma işlərinin “KazMunayQaz” şirkətinə məxsus “Sətti” özüqalxan qazma qurğusu vasitəsilə aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti