Bu il “Şahdəniz”dən əldə edilən gəlir 1,7 dəfə artıb
- 04 noyabr, 2021
- 08:14
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından qaz və kondensat satışından 461,921 milyon ABŞ dolları gəlir əldə edib.
"Report" Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.
10 aylıq gəlirlərin 135,235 milyon ABŞ dolları kondensat satışından əldə olunub. Bu isə 1 il əvvələ nisbətən 34,1 % azdır.
“Şahdəniz” yatağının istismarına başlanıldığı 2007-ci ildən bu günə qədər oradan qaz və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 milyard 129 milyon ABŞ dolları təşkil edib.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "LUKoil" (25,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.