Bu il Neft Fondu “Şahdəniz”dən gəlirlərini 64 dəfədən çox artırıb

Energetika
  • 04 mart, 2022
  • 06:41
Bu il Neft Fondu “Şahdəniz”dən gəlirlərini 64 dəfədən çox artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından qaz və kondensat satışından 227,557 milyon ABŞ dolları gəlir əldə edib. 

"Report" Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 224,019 milyon ABŞ dolları və ya 64,3 dəfə artıb.  

Gəlirlərin 22,172 milyon ABŞ dolları kondensat satışından əldə olunub.

“Şahdəniz” yatağının istismarına başlanıldığı 2007-ci ildən bu günə qədər oradan qaz və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 milyard 779 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), AzSD (14,35 %), "SGC Upstream" (6,7 %),"LUKoil" (19,99 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.