Bu il Neft Fondu “Şahdəniz”dən gəlirlərini 12 dəfə artırıb

Energetika
  • 19 aprel, 2022
  • 09:18
Bu il Neft Fondu “Şahdəniz”dən gəlirlərini 12 dəfə artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından qaz və kondensat satışından 359,125 milyon ABŞ dolları gəlir əldə edib.

"Report" Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 329,959 milyon ABŞ dolları və ya 12,3 dəfə artıb.

Gəlirlərin 62,494 milyon ABŞ dolları kondensat satışından əldə olunub. Bu da 2021-ci ilin birinci rübünün yekunlarının nəticələri ilə müqayisədə 33,328 milyon ABŞ dolları və ya 2,14 dəfə çoxdur.

“Şahdəniz” yatağının istismarına başlanıldığı 2007-ci ildən bu günə qədər oradan qaz və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 milyard 911 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), AzSD (14,35 %), "SGC Upstream" (6,7 %),"LUKoil" (19,99 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.