Bu il AÇG üzrə əməliyyat xərcləri 10 % artıb
- 05 noyabr, 2024
- 07:14
Bu ilin yanvar-sentyabr aylarında BP və tərəfdaşların Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqları üzrə əməliyyat xərcləri təqribən 402 milyon ABŞ dolları, əsaslı xərcləri isə 968 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin üçüncü rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bu ilin ilk üç rübündə AÇG üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 milyon ABŞ dolları və ya 10,1 % artıb, əsaslı xərclər isə 141 milyon ABŞ dolları və ya 12,7 % azalıb.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.