Yuxarı

BP və tərəfdaşları Azərbaycanda autizmli şəxslərə dəstək üçün yeni layihəyə başlayıb

Bakı. 21 fevral. REPORT.AZ/ Bu gün BP və Azərbaycandakı layihələrdə tərəfdaşları Azərbaycanda Autizm Spektr Pozuntusu (ASD) olan şəxslərə dəstək məqsədli yeni layihəyə başlayıb.

"Report" xəbər verir ki, layihənin müddəti 10 ay, ümumi dəyəri, təqribən, 239 min manat təşkil edir.

Layihə ilə bağlı keçirilən tədbirdə "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, layihə Azərbaycanda autizmli gənclərin digərləri kimi təhsil ala bilməsinə, peşəkar iş və ailə həyatına - ümumilikdə cəmiyyətə inteqrasiya olunmalarına köməyi nəzərdə tutur.

Onun sözlərinə görə, layihə həmçinin bu spektrdə olanların yaxınlarına onlarla necə davranmağı, həyatlarını dəyişə bilmələri üçün onların nəyə ehtiyac duyduqlarını daha yaxşı anlamaları üçün geniş imkanlar açacaq.

"İlk dəfə bu layihə çərçivəsində autizmli şəxslər üçün milli məlumat bazasının yaradılması, həm bu məlumat bazasına, həm də beynəlxalq standartlara uyğun təlim modullarının hazırlanması və daha çox valideyn cəlb etməklə təlimlərin təşkil olunması nəzərdə tutulub. Məqsədə çatmaq üçün layihəyə beynəlxalq ekspertlər cəlb olunub. Hazırlanmış təlim modulları, tədris materialları və autizm haqqında ictimaiyyətin məlumatlandırılmasını nəzərdə tutan xəbərlər/məqalələr layihə çərçivəsində yaradılacaq Autism təhsili portalında yerləşdiriləcək. Bu portal həm autizmli şəxslər, həm də onların yaxınlarına etibarlı məlumat əldə etmək üçün daha rahat vasitə olacaq. Yaradılacaq portal bu sahə ilə professional məşğul olmaq, öz təcrübələrini yeniləmək, beynəlxalq standartlara cavab verən sertifikatlar əldə etmək istəyən təlimçilər üçün də uzunmüddətli imkanlar açacaq. Yerləşdirilmiş modulları uğurla başa vurub imtahanlardan keçənlər sertifikatlı təlimçi olmaq imkanı əldə edəcəklər. Ümumilikdə, layihənin həyata keçirilməsi zamanı autizmli şəxslərlə işləyə biləcək və bu sahədə artıq lazımi qabiliyyətləri olan, həm dövlət, həm də özəl müəssisələrdə çalışan 40 nəfər təcrübəli səhiyyə və təhsil mütəxəssisi layihədə nəzərdə tutulan Təlimçilərin Tədris proqramına cəlb olunacaq", - deyə BP rəsmisi qeyd edib.

Layihə "Birgə və sağlam" İctimai Birliyi tərəfindən yerinə yetiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi