BP: “SWAP blokunda quyunun qazma işləri geoloji səbəblərə görə ləng gedir”

Energetika
  • 15 noyabr, 2021
  • 09:42
BP: “SWAP blokunda quyunun qazma işləri geoloji səbəblərə görə ləng gedir”

BP-nin operatoru olduğu Abşeron yarımadasının ətrafındakı dayazsulu hissəsində (SWAP) ilk kəşfiyyat quyusunun dərinliyi 2 300 metr təşkil edir.

“Report”un məlumatına görə, bunu BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.

“Qazma işləri kifayət qədər ləng gedir. Buna səbəb qazmanın çətinliklə keçdiyi gil laylardan keçməsidir. İşlər davam edir, baxmayaraq ki, çox güman ki, bu quyunun qazılmasını qazmanı çətinləşdirən mürəkkəb geologiya ilə bağlı cari ilin sonuna qədər başa çatdırılması ehtimalı azdır”, - deyə B. Aslanbəyli bildirib.

O, həmçinin xatırladıb ki, Abşeron yarımadasının ətrafındakı dayaz sulu hissəsində üç quyunun qazılması planlaşdırılır. İkinci və üçüncü quyularda işlərə gələn il başlanması planlaşdırılır.

B. Aslanbəyli həmçinin qeyd edib ki, şirkət SWAP blokuna daxil olan strukturlara böyük ümid bəsləyir.

BP daha əvvəl də qeyd etmişdi ki, bu ərazidə neft tapacağını gözləyir və suyun dayaz dərinliyi və təbəqəsi neft ehtiyatları aşkar olunarsa, onları tez bir zamanda işlətməyə başlamağa imkan verəcək.

B. Aslanbəyli onu da qeyd edib ki, şirkət Qobustanda quruda qazma işləri aparmaq planlarından imtina edib.

Qeyd edək ki, 2018-ci ildə şirkət “Cənub-Qərbi Qobustan” layihəsində 61 % pay alıb. Ancaq mövcud materialları araşdıraraq, bu sahənin onun üçün maraqlı olmadığı qənaətinə gəlib. Şirkət həm qazma planlarından, həm də bütövlükdə layihədən imtina edib.