BP "Şahdəniz" layihəsindəki payını artırır

BP "Şahdəniz" layihəsindəki payını artırır BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng "Şahdəniz" yatağındakı iştirak payını artırmağa qərar verib.
Energetika
9 Dekabr , 2021 17:07
BP Şahdəniz layihəsindəki payını artırır

BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng "Şahdəniz" yatağındakı iştirak payını artırmağa qərar verib.

"Report" şirkətə istinadən xəbər verir ki, bu, "Petronas" şirkətinin daha öncə elan olunmuş iştirak payının satışı ilə bağlı BP-nin öz üstünlük hüququndan istifadə etmək haqqında "Şahdəniz" layihəsindəki tərəfdaşları ilə apardığı danışıqlar vasitəsilə qərarlaşdırılıb.

BP özünün əməliyyatçısı olduğu "Şahdəniz" yatağı üzrə "Petronas" şirkətindən 1,16 % iştirak payını 168 milyon ABŞ dolları məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ "Petronas" tərəfindən öncə elan edilmiş "Şahdəniz" üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə BP-nin "Şahdəniz"dəki ümumi iştirak payı 29,99 % təşkil edəcək və BP yatağın operatoru olaraq qalacaq.

Bu sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək başa çatacağı gözlənilir.

Xatırladaq ki, bu ilin oktyabr ayında Rusiyanın “Lukoil” şirkəti “Petronas”ın qaz layihəsindəki 15,5% payını 2,25 milyard dollara aldığını elan edib. Lakin bp üstünlük hüququndan istifadə etmək qərarına gəldikdən sonra, onun layihədəki payı 24,34 %-ə çata bilər.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "LUKoil" (10 %), "Petronas" (15,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi