BP: "ACE layihəsi üzrə işlər ümumilikdə 70 % tamamlanıb"
- 05 may, 2022
- 08:20
Bu ilin birinci rübü ərzində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə işlər ümumilikdə 70 % tamamlanıb.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından I rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Hesabata görə, ACE platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib. Üst modulların tikintisini icra edən işçi heyəti fevral ayında əməyin təhlükəsizliyi üzrə mühüm bir nailiyyəti – qəzasız 10 milyon iş saatını qeyd ediblər.
"Rüb ərzində bu tikinti sahəsində bir sıra iri avandanlıqların qaldırılması əməliyyatları tam təhlükəsiz icra olunub. Bu avadanlıqlara əsas enerji generatorunun buraxıcı qurğusu, məşəl qülləsinin özül hissəsi və qazvurma kompressoru daxildir. Bundan əlavə, obyekt düşmə qurğusu və üst modulların göyərtəaltı platforması bütün boru bağlantıları və avadanlığı ilə birlikdə yerinə quraşdırılıb.
Qazma borularının yığılması və yerdə hidrosınağı başa çatmaq üzrədir, üst modulları borularının yığılması qrafiki qabaqlayaraq irəliləyir. Qazma modulunun yerdə istismar sınaqları davam etmiş, bəzi hissələrin isə funksiyasının sınaqları artıq bitib. Qazma modulunun yığıldığı yerdən ayrılması, dayaq domkratı ilə qaldırılması və sürüşdürmə qurğusu vasitəsilə bütövlükdə üst modulların üzərinə hərəkəti üçün planlaşdırma işləri davam edib. Bu əməliyyatın icrası ilin ikinci rübünə planlaşdırılır. Üst modulların istismar sınaqları davam edib - fövqəladə vəziyyətləri idarəetmə lövhəsi cərəyana qoşulmuş, yaşayış blokunun idarəetmə otağı və batareya ötürücü otaqları istismar sınaqlarına təhvil verilib", - məlumatda deyilir.
Həmçinin bildirilir ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi davam edib. Bu qurğu üçün son əsas qaldırma əməliyyatı olan şərq qülləsi çərçivəsi təhlükəsiz şəkildə dayaq blokunun üzərinə qaldırılıb. Növbəti çərçivə olan 7-ci çərçivənin bükülmədən sonra mərkəzi qutuya qaynağı başa çatmış, qüllə çərçivələrinin bükülmədən sonra dayaq blokunun üzərinə qaynaq edilməsi işləri davam edib.
Şirkət bildirir ki, "İsrafil Hüseynov" borudüzən gəmisi platformanın sualtı neft və qaz xətlərinin tikintisini başa çatdırıb. "Tofiq İsmayılov" gəmisində isə dalğıc suyadalma sisteminin yenidən işə salınması başa çatıb.
ACE platformasının “Azəri” yatağındakı digər obyektlərdən elektrik enerjisi ala bilməsi ilə bağlı “Şərqi Azəri” platformasında aparılan quraşdırma işləri də rüb ərzində davam edib: “ACE əməliyyatlarının qurudan idarə olunması üçün Səngəçal terminalında modifikasiya tikinti işlərinə başlanıb. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.