Enerji keçidinin süni şəkildə sürətləndirilməsi ətraf mühitə ciddi ziyan vura bilər.
"Report" xəbər verir ki, bunu BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün Bakıda keçirilən “Dayanıqlı Ətraf Mühit: Yaşıl Enerjiyə Keçid” mövzusunda Beynəlxalq Elmi Konfransda bildirib.
“Enerji keçidi ənənəvi enerji mənbələrindən bərpa olunan enerji mənbələrinə keçidi ifadə edir. Ənənəvi enerji mənbələri karbon tullantıları baxımından daha çox yüklüdür. Bununla yanaşı, bəşəriyyətin artan enerji tələbatını ödəmək üçün balansı günəş, külək və hidrogen kimi bərpa olunan enerji mənbələrinə yönəltmək zərurəti yaranıb. Bu keçidin əsas məqsədi atmosferə tullantıları azaltmaqdır.
Lakin burada vacib olan məsələ keçidin sürətidir. Çox vaxt qlobal miqyasda ən çox yol verilən səhv, enerji keçidinin bir anda, qısa müddətdə reallaşdırılmasının mümkünlüyü ilə bağlı iddialardır. Bu keçid tədricən həyata keçirilməlidir, çünki onu süni şəkildə sürətləndirmək ətraf mühitə daha çox zərər vuracaq və nəticədə bizi yenidən ənənəvi enerji mənbələrinə qayıtmağa məcbur edəcək”, - deyə B. Aslanbəyli vurğulayıb.
O, Avropa ölkələrinin bu sahədəki təcrübəsinə də toxunub: “Bir neçə il əvvəl Avropa ölkələrində vaxtından əvvəl və lazımi ehtiyaclar hesablanmadan kömür istehsalını və nüvə reaktorlarının fəaliyyətini dayandırdılar. Lakin istehlak artdıqda bərpa olunan enerji mənbələri tələbatı ödəyə bilmədi və nəticədə ənənəvi enerji istehsalını bərpa etmək məcburiyyəti yarandı”.