Azərbaycanın metanol ixracından qazancı açıqlanıb
- 03 aprel, 2024
- 09:44
Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 15,7 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilib.
Bu, 2023-cü ilin ilk iki ayının göstəricisi ilə müqayisədə 0,1 milyon ABŞ dolları və yaxud 0,63 % azdır.
Bu ilin fevral ayında isə Azərbaycan 8,4 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 15,07 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ümumi ixracı 4,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 455 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.