Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ

Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ Müstəqil Azərbaycanda bir neçə qazma şirkəti fəaliyyət göstərir.
Energetika
932
2 Sentyabr , 2020 21:31
Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ

Müstəqil Azərbaycanda bir neçə qazma şirkəti fəaliyyət göstərir.

“Report” xəbər verir ki, hazırda onlardan həm ölkə daxilində, həm də ölkə xaricində ən çox tanınanı SOCAR AQŞ şirkətidir.

SOCAR AQŞ 2007-ci il tarixində SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilib.

Müəssisə fəaliyyəti ərzində yüksək texniki, təşkilati və idarəetmə potensialı formalaşdırıb, işləri beynəlxalq standartların tələblərinə uyğun qurmaqla və müasir texnika və texnologiyaları tətbiq etməklə yüksək debitli neft və qaz quyularının qazılmasını, quyu tikintisini və quyularda əsaslı təmir işlərini təhlükəsiz, keyfiyyətlə, vaxtdan əvvəl yerinə yetirərək sifarişçiyə təhvil verir

Hal-hazırda SOCAR AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

STTƏMM (sağlamlıq, texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi) işlərinin qabaqcıl beynəlxalq standartlara uyğun təşkili nəticəsində, 12 il ərzində işçilərin sağlamlığına, avadanlığa, və ətraf mühitə ciddi təsir edən heç bir hadisə baş verməyib. Müəssisənin işçi heyəti ən yüksək standartlara uyğun texniki və idarəetmə təlimləri keçir.

2009-cu ildən etibarən müəssisədə İnteqrə Olunmuş İdarəetmə Sistemi tətbiqinə başlanılıb və uğurla sertifikatlaşdırılıb. Bununla yanaşı müəssisədə API Spec Q2 standartları uğurla tətbiq edilərək 2017-ci ildə sertifikatlaşdırılıb.

Beləliklə, SOCAR AQŞ bütün Xəzər regionunda APİ Spec Q2 standartı-Keyfiyyət İdarəetmə Sistemi üzrə sertifikatlaşmış ilk və yeganə milli qazma müəssisəsidir.

Müəssisə Azərbaycan neft sənayesində, xüsusilə qazma sahəsində bir sıra ilklərə imza atıb. Belə ki, yeni nəsil qazma qurğuları və avadanlıqlardan istifadə olunmaqla qazma işləri uğurla aparılıb¸ əmək məhsuldarlığı artırılıb və dərində yatan laylardan hasilatın əldə edilməsi imkanlarını yaranıb.

SOCAR AQŞ 2008-ci ildən üzü bəri bu günə kimi 110–a yaxın çox yüksək məhsuldarlıq göstəriciləri olan quyuları vaxtında, keyfiyyətlə və təhlükəsiz qazaraq sifarişçiyə təhvil verib.

SOCAR AQŞ-nin qazmadakı uğurları

Müəssisənin Azərbaycan qazma sənayesinə gətirdiyi ilkləriə, unikal töhfələrə nəzər salsaq Xəzərdə ilk tam avtomatlaşdırılmış hidravliki qurğunun tətbiqi, ‘’Günəşli’’ yatağından 350 saylı ilk horizontal quyunun qazılması, dünyanın mürəkkəb geoloji struktur baxımından ilk beşliyində yer alan yüksək təzyiqli ‘’Ümid’’ və ‘’Bulla- dəniz’’ yataqlarında ən mürəkkəb quyularının qazılması SOCAR AQŞ-nin adı ilə bağlıdır.

‘’Ümid -1’’ saylı özüldən qazılan 16 nömrəli quyu SOCAR tarixində ən yüksək debtli və ən dərin quyu olmaqla 6 810 m qazılıb.

İlk dəfə ‘’Bulla–dəniz’’ yatağında havada 546 ton olan ikinci 13 3/8″ aralıq kəmərin 5 093 m dərinliyə, çəkisi 393 ton olan texniki 9 5/8″ kəmərin isə 5 620 m dərinliyə 25 dərəcə əyrilik bucağı altında birdəfəyə endirilməsi və sementlənməsi uğurla həyata keçirilib. SOCAR AQŞ-nin bu rekordu digər milli müəssisələr üçün örnək və zəngin təcrübə olub. Bulla dəniz yatağındakı agır çəkili aralıq kəmərlərinin dərinliyə birdəfəyə endirmək uğurıarını hazırda digər şirkətlər də təkrarlayır. SOCAR AQŞ öncül şirkət olması və milli qazma sənayesinə verdiyi töhfələrlə qürur duyur.

Geoloji nailiyyətlər

SOCAR AQŞ geoloqları da milli qazma sənayesinə özünəməxsus töhfələr verməkdədir.

“Günəşli’’ yatağı 7 saylı dərin dəniz stasionar özülündən faktiki dərinliyi 3 979 m olan 38 nömrəli kəşfiyyat quyusunun qazılması zamanı Qala Lay Dəstəsi ilk dəfə olaraq Qala V horizontuna kimi açılıb. Quyu lüləsi boyu aparılmış unikal tədqiqatlar növbəti quyularda geoloji dəyişikliklərin aparılmasına, həmçinin gələcəkdə yeni quyuların qazılması zamanı konstruksiya və xüsusi çəki dəyişikliyinə geniş imkan yaradacaq.

SOCAR AQŞ geoloqları həmçinin ‘’Qərbi Abşeron’’ yatağı 10 saylı özüldən 10 nömrəli quyu tikintisi zamanı bir sıra yeni geoloji və geofiziki işləri uğurla başa çatdırıb. Faktiki dərinliyi 735 m olan 10 nömrəli quyu Qırmaki altı lay dəstəsinə qazılıb. Müəssisənin geoloqlarının həyata keçirdiyi yeni tədqiqatlar sayəsində yatağın tam potensialının öyrənilməsinə dair zəngin məlumat bazası toplanıb.

Beynəlxalq layihələr

Beynəlxalq layihələr çərçivəsində SOCAR AQŞ hal-hazırda Türkiyə Respublikasının enerji təhlükəsizliyində mühüm rol oynayan “Tuz Gölü” yeraltı qaz anbarlarının genişləndirilməsi layihəsi çərçivəsində 40 ədəd quyunun qazılması işini uğurla davam etdirir.

Bundan əvvəl isə SOCAR AQŞ 2017-ci ildə ilk dəfə Azərbaycandan kənarda ilk beynəlxalq tenderdə iştirak edərək qalib gəlib. Şirkət burada quruda kəşfiyyat qaz quyuları qazılması layihəsini həyata keçirib.

Daha sonra SOCAR AQŞ Ukraynada mühəndislik konsaldinq xidmətinin göstərilməsi layihəsini icra edib.

Birgə layihələr

Bu günlərdə “Turan Qazma və Mühəndislik” şirkəti (“SOCAR AQŞ” və Böyük Britaniyanın “KCA Deutag” şirkətinin birgə müəssisəsi) “BP Exploration (Caspian Sea) Limited” şirkəti ilə satınalma, texniki xidmət və anbar fəaliyyətlərini idarəetmə üçün müqaviləyə düzəlişi nəzərdə tutan saziş imzalayıb. 15 iyun 2020-ci il tarixindən etibarən qüvvədə olan sazişə əsasən “Turan Qazma və Mühdənislik” birgə müəssisəsi SAP xidmət sistemini, quyuların satınalma fəaliyyətini, BP Qlobl Quyular Təşkilatının Azərbaycanda anbar və anbar fəaliyyətini idarəetməsini həyata keçirəcək.

2019-cu ilin aprelində isə “Turan Qazma və Mühəndislik” şirkəti “BP-Azerbaijan” şirkəti ilə BP-nin operatorluğu ilə idarə olunan yeddi platformanın qazma qurğusu, o cümlədən Mərkəzi Azəri, Şərqi Azəri və Qərbi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq, Çıraq və Şahdəniz qurğuları üzrə dənizdə istismar əməliyyatları və texniki xidmət işləri üzrə ümumi dəyəri 500 milyon ABŞ dolları olan beş illik müqavilə imzalayıb.

Öncə sağlamlıq

SOCAR AQŞ Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq Koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə cari ilin fevral ayından başlayaraq müəssisədə lazımi tədbirlər həyata keçirir. Belə ki, müəssisə rəhbərliyinin əmri ilə koronavirus pandemiyasına qarşı görülən tədbirlərin gücləndirilməsi və icrasının nəzarətdə saxlanılması məqsədilə müəssisədə İşçi qrup yaradılıb.

Pandemiya dövrünün yaratdığı bütün çətinliklərə baxmayaraq müəssisə fəaliyyətini uğurla davam etdirir, illik qazma planlarının yerinə yetirilməsi üçün lazımi tətbirlər həyata keçirir, hazırki dövrə qədər bütün planlaşdırılmış işlər 100% yerinə yetirilib.

SOCAR AQŞ Azərbaycan qazma sənayesinin 174 illik təcrübəsinin zəngin ənənələrinin yaşadan milli müəssisə kimi üzərinə düşən missiyanı pandemiya dövründə də ləyaqətlə davam etdirir.

Son xəbərlər

Orphus sistemi