Azərbaycanda 11 ayda mazut istehsalı 5 dəfəyə yaxın artıb
- 17 dekabr, 2024
- 11:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 27,4 min ton mazut istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.
Ümumilikdə, bu ilin 11 ayında Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 4 milyard 390,5 milyon manat təşkil edib. Bu, 2023-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 5,7 % azdır.
Eyni zamanda, bu ilin 11 ayında ölkədə 1 milyon 210,8 min ton həcmində avtomobil benzini istehsal edilib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 % azdır.
Bu ilin 11 ayında ölkədə 1 milyon 967 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 7 % azdır.
Hesabat dövründə 63,4 min ton sürtkü yağları, 237,7 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 11 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 17,8 % artıb, neft bitumunun istehsalı isə 7,7 % azalıb.
Həmçinin, ilin yanvar-noyabr aylarında ölkədə 166,3 min ton maye qazlar, 554,8 min ton ağ neft, 173,8 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 23,6 %, neft koksunun istehsalı 18,1 % azalıb. Bu müddət ərzində ölkədə ağ neftin istehsalı 1,6 % artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.