Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Rusiya və OPEK-in neft istehsalının azaldılması və onun qiymətinin stabilləşdirilməsinə dair razılıq əldə edə bilməsində maraqlıdır.
"Report" xəbər verir ki, bunu "Sputnik"ə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov bildirib.
"Biz neftin qiymətlərinin necə qalxdığının şahidi olmaq istərdik. Bu bizim marağımızdadır. Əgər Rusiya və OPEK nəticə əldə edə bilsə, bu möhtəşəm olacaq", - deyə Süleymanov qeyd edib.
Səfir bildirib ki, Azərbaycan Rusiya və OPEK arasında aparılacaq danışıqların nəticələrini görməkdə maraqlıdır.
Rusiyanın energetika naziri Aleksandr Novak bildirmişdi ki, fevralda OPEK-in planlaşdırılmış görüşündə hər bir ölkə tərəfindən hasilatın 5 faiz həddində azaldılması müzakirə mövzusu ola bilər.