Azərbaycan metanol istehsalını 62 %-dək artırıb
- 17 oktyabr, 2022
- 08:08
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 402,3 min ton həcmində metanol (metil spirti) istehsal olunub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2021-ci ilin eyni ayları ilə müqayisədə 61,7 % çoxdur.
Bu ilin oktyabrın 1-nə 36,4 min ton hazır məhsul istehsalı yaranıb.
Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda həyata keçirilir.
Metanol zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.