Azərbaycan karbamid ixracını təxminən 15 % artırıb
- 03 aprel, 2024
- 07:17
Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 20,9 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.
Bu, 2023-cü ilin iki ayının göstəricisi ilə müqayisədə 2,7 milyon ABŞ dolları və ya 14,8 % çoxdur.
Bu ilin fevral ayında isə Azərbaycan 8,4 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 15,07 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ümumi ixracı 4,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 455 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.