Azərbaycan boru kəmərləri ilə "yaşıl hidrogen" ixrac edə bilər

Energetika
  • 09 iyun, 2022
  • 09:07
Azərbaycan boru kəmərləri ilə yaşıl hidrogen ixrac edə bilər

Azərbaycan hidrogeni boru kəmərləri ilə ixrac edərkən, uzunmüddətli perspektivdə "yaşıl hidrogen"dən istifadə etmək məqsədəuyğun ola bilər.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının hazırladığı “Azərbaycanda dənizdə külək enerjisi ilə bağlı Yol Xəritəsində” deyilir.

Məlumata görə, bu, çatdırılma qiymətinə nisbətən nəqliyyat xərclərinin təxminən 10 % artımını nəzərə almalıdır. Beləliklə, bu, hidrogenin ixrac bazarlarında rəqabət qabiliyyətinə təsir göstərə bilər.

Hesabatda həmçinin deyilir ki, hidrogenin böyük həcmdə ixracı üçün əlavə maneələr var. Çünki mövcud boru kəmərləri təmiz və ya qarışıq hidrogeni nəql etmək üçün texniki uyğunlaşma tələb edəcək. 2040-cı ilədək imzalanan müqavilələrə əsasən mövcud Trans-Adriatik Qaz Boru Kəmərinin ötürüçülük qabilliyyəti tam olaraq təbii qazın ixracı üçün nəzərdə tutulub.

"Bu variant və hidrogenin tələb olunan dəyəri Avropa İttifaqı və qonşu bazarlardakı potensial alıcılar və istehlakçılarla birlikdə araşdırıla bilər", - hesabatda deyilir.

Dünya Bankı hesab edir ki, Azərbaycan üçün ixrac bazarlarında "yaşıl hidrogen"in qiyməti digər bazarlardakı "yaşıl hidrogen"in qiymətindən yüksək ola bilər: "Çünki bu rəqabətqabiliyyətli bazarların bir çoxunda (məsələn, Şimal dənizi ətrafında) daha güclü dəniz küləkləri (10 m/s-dən çox) var. Həmçinin, məhsullarını bazara çıxararkən daha az logistik məhdudiyyətlər mövcuddur".

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Cari ilin may ayınadək Azərbaycan TAP vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox təbii qaz nəql edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti