Abşeron yarımadasında kəşfiyyat qazma işləri üçün 3 sahə müəyyən edilib

Abşeron yarımadasında kəşfiyyat qazma işləri üçün 3 sahə müəyyən edilib Xəzər dənizinin Azərbaycan sektorunda - Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyat qazma fəaliyyətləri üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırl
Energetika
10 Sentyabr , 2020 09:43
Abşeron yarımadasında kəşfiyyat qazma işləri üçün 3 sahə müəyyən edilib

Xəzər dənizinin Azərbaycan sektorunda - Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyat qazma fəaliyyətləri üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib.

“Report” xəbər verir ki, bu barədə ərazinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin operatoru “BP-Azerbaijan” şirkəti məlumat yayıb.

Məlumatda həmçinin deyilir ki, ƏMSSTQ sənədi AYDS müqaviləsinin kəşfiyyat qazma mərhələsi üçün hazırlanıb. Bu sənəddə kəşfiyyat qazma fəaliyyətlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.

AYDS müqavilə sahəsi daxilində kəşfiyyat qazma işləri üçün 3 perspektiv sahə müəyyən edilib və hər bir sahədə bir kəşfiyyat quyusunun (ümumilikdə üç quyunun) qazılması planlaşdırılır. Bu sənəd yalnız birinci kəşfiyyat quyusunu əhatə edir. Həmin quyu qurudan təxminən 15 km məsafədə, suyun təxminən 22 metr dərinliyində (potensial karbohidrogen ehtiyatı dəniz dibindən təqribən 2500m aşağıda) yerləşən Şimal Şərq perspektiv sahəsində  qazılacaq. Qalan iki quyu sahəsində aparılacaq kəşfiyyat qazma işləri ayrıca olaraq bu ƏMSSTQ-yə əlavə sənədlərində əhatə olunacaq.

Qeyd edək ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.

Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edilir. Burada qazma işlərinin “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusu vasitəsilə aparılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi