ABŞ-da ehtiyatların artması və dolların möhkəmlənməsi nefti ucuzlaşdırır
- 30 sentyabr, 2021
- 07:36
ABŞ-da ehtiyatların artması və dolların möhkəmlənməsi dünya bazarlarında “qara qızıl”ın qiymətinin ucuzlaşmasına səbəb olub.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:31-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,29% ucuzlaşaraq, 1 bareli 77,86 ABŞ dollarına, noyabr fyuçersləri isə 0,32% ucuzlaşaraq, 1 bareli 78,39 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti 0,11% düşərək, 1 bareli 74,75 ABŞ dolları təşkil edib.
Treyderlər ABŞ-ın Energetika Nazirliyinin hesabatına görə ölkədə neft ehtiyatlarının gözlənilmədən 4,6 milyon barel artmasına diqqət yetirirlər. Belə ki, analitiklər ehtiyatların 1,7 milyon azalacağını güman edirdilər.
Bundan başqa, həftənin əvvəlindən indiyədək ABŞ dolları (ABŞ-ın əsas tərəfdaşı olan 6 ölkənin valyuta səbətində dolların məzənnəsi) avroya nisbətdə 1%-dək möhkəmlənib və ötən ilin payızından sonra maksimum səviyyəyə çatıb.