Bakı. 2 mart. REPORT.AZ/ Yaponiyanın məşhur "Fuji" telekanalının ‘Naruhodo! The World’ adlı proqramında Bakı Ali Neft Məktəbinə (BANM) dair süjet təqdim olunub.
Bu barədə "Report"a Ali Məktəbdən məlumat verilib.
Proqramda aparıcı qismində çıxış edən Yaponiyanın tanınmış aktrisası Hitomi Kuroki BANM-da olub, Neft-qaz mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin laboratoriya dəsrlərinə qatılıb. Yaponiyada neft sənayesi böyük maraqla qarşılandığından aparıcı tələbələrə bu sahə ilə bağlı bir sıra maraqlı suallar ünvanlayıb.
O, eyni zamanda BANM tələbələrinə niyə neft-qaz mühəndisliyini və bu sahədə niyə məhz BANM-ı seçdiklərini sual verib. Cavabında isə tələbələr bu sahədə mütəxəssislərin daha çox maaş aldıqlarını, BANM-ın isə ölkədə bu sahə üzrə ən güclü təhsil verən ali təhsil müəssisəsi olduğunu bildiriblər.
Proqramda BANM-ın kampusunun ətrafında yerləşən neft buruqlarından görüntülər də yer alıb.
Yaponlar həmçinin Azərbaycanın turistik yerlərini, eləcə də, Bakı, milli adət-ənənə və mətbəxlə bağlı maraqlı kadrları və faktları "Fuji" TV izləyicilərinə çatdırıblar.
Qeyd edək ki, ilk dəfə 1981-ci ildə yayımlanan proqram indiyədək 700-dən çox verilişlə ekrana çıxıb.