Çikaqo Universitetinin (University of Chicago) alimləri koronavirusa qarşı hazırladıqları vaksini sınaqdan keçirərək uğurlu nəticələr əldə ediblər. Ali təhsil müəssisəsinin Molekulyar mühəndislik fakültəsinin azərbaycanlı doktorant tələbəsi Aslan Mansurov da elmi təcrübə qrupunda təmsil olunur. Eyni zamanda həmyerlimizin işlədiyi laboratoriyada xərçəng xəstəliyi əleyhinə də yeni immunopreparat hazırlanıb. Gənc tədqiqatçı "Report"un xüsusi müxbirinə müsahibə verib.
- Əvvəlcə özünüz haqqında bir qədər məlumat verərdiniz...
- 1996-cı ildə Bakı şəhərində anadan olmuşam. Mən hələ məktəbdə oxuyarkən dəqiq elmlərə, xüsusilə fizika və kimya sahələrinə maraq göstərirdim. Nəticədə bu sahədə işləməkdən zövq aldığımı hiss etdim. Ona görə də gələcəyimi bu elm sahələri üzərində qurmağı qərara aldım. Məktəb illərində bir sıra olimpiadalara qatıldım. 2012-ci ildə ABŞ və Türkiyədə keçirilən olimpiadalarda iştirak edib uğurlu nəticələr qazandım. 2013-cü ildə “Qafqaz” Gimnaziyasını qızıl medalla bitirdim. Elə həmin il SOCAR-ın Xarici Təqaüd Proqramı ilə ABŞ-ın Minnesota Universitetinin (University of Minnesota) Kimya mühəndisliyi ixtisasına qəbul oldum. Kimya mühəndisliyi bütün dünyada hər zaman aktual və ənənəvi sahədir. Elə ölkəmizdə də kimya və neft sənayesi inkişaf edib, bu sahəyə bələd olan yaxşı mütəxəssislər var. Bu səbəbdən SOCAR-ın Xarici Təqaüd Proqramında bu ixtisasın zəruriliyi qeyd olunub. 2017-ci ildə ali təhsil müəssisəsini fərqlənmə ilə bitirib birbaşa doktoranturaya müraciət etdim. Bu, ABŞ təhsil sistemində mümkündür. Yəni magistratura oxumadan doktoranturaya qəbul ola bilirsiniz. Çünki magistr proqramları ödənişli əsaslarla olur, ancaq doktoranturada həm təhsil almaq, həm də işləmək olur. Hazırda Çikaqo Universitetinin Pritzker Molekulyar Mühəndislik İnstitutunda (Pritzker School of Molecular Engineering) təhsilimi davam etdirirəm. Təhsilimin ilk ilində bu sahənin alimləri, professorları ilə tanış oldum və işləyəcəyim laboratoriyalar haqqında araşdırmalar apardım. Universitetin Molekulyar mühəndislik fakültəsində Kvantum, Polimer, Enerji və İmmun sistemi mühəndisliyi olmaqla, dörd müxtəlif aktual sahələrdə araşdırmalar aparılır və bu tədqiqatları dəstəkləyən müxtəlif laboratoriyalar var. Araşdırmalarda fəal iştirak edən 40-a yaxın professor var. Onların hər birinin özünəməxsus tədqiqat sahələri mövcuddur. Belə bir heyətdə təmsil olunduğum üçün çox şanslıyam.
- Hazırda laboratoriyanızda koronavirusla bağlı araşdırmalar aparılır və ilkin nəticələr də əldə olunub...
- ABŞ laboratoriyalarının əksəriyyətində bütün tədqiqatlar, demək olar ki, dayandırılıb və sadəcə, koronavirusla bağlı araşdırma aparılır. Mənim təmsil olunduğum elmi qrupun rəhbəri Cefri Hubel (Jeffrey Hubbell) biomühəndislik və immunologiya sahəsi üzrə dünyanın ən aparıcı ekspertlərindən biridir. O, ABŞ-ın Milli Tibb Akademiyasının (National Academy of Medicine) və Milli Mühəndislik Akademiyasının (National Academy of Engineering) seçilən üzvüdür. Hazırda təxminən 7-8 nəfərdən ibarət bir araşdırma qrupumuz var. Təcrübə, elmi biliklərimiz və beynəlxalq nəşrlərdə dərc olunan məqalələrimizi nəzərə alaraq bizi bir araya gətiriblər. Artıq üç ildir buradayam və laboratoriyanın ən təcrübəli işçilərindən biriyəm. ABŞ-ın Milli Səhiyyə İnstitutu (National İnstitute of Health) koronavirusa qarşı istifadə ediləcək vaksinin hazırlanması üçün çox böyük vəsait xərcləyir. Hazırda bütün laboratoriyalar gücləndirlimiş iş rejimində işləyir və bir-biriləri ilə rəqabət aparırlar. Laboratoriyamızda koronavirus vaksininin hazırlanması istiqamətində işlər davam edir. Artıq ilk mərhələni keçmişik və gələn həftədən etibarən vaksini siçanlar üzərində sınaqdan keçirəcəyik.
Bir çox infeksiyalar kimi, demək olar ki, koronavirusu da genetik materiyanı qoruyan böyük bir zülaldır. COVID-19-un səthində olan və insan hüceyrələrinə bağlanan “Spike” adlı zülala qarşı vaksin hazırlıyırıq. Bu vaksin siçanlara yeridiləndən təxminən 10-14 gün sonra koronavirusa qarşı qan dövranında immunoqlobulinlərin yaranmasına səbəb olur. Bu immunoqlobulinlər isə infeksiyanı neytrallaşdırmaq qabiliyyətindədir. Biz həmin siçanların qanından əldə olunan immunoqlobulinləri toplayıb insan hüceyrələri üzərində yoxlayacayıq. İmmunoqlobulinlərin də insan hüceyrələrini koronavirusa yoluxmadan qoruyacağını ehtimal edirik. Bizim laboratoriyamızda immun xəstəlikləri, xüsusilə xərəçəng və autoimmun xəstəlikləri də araşdırılır. Əslində vaksin hazırlığı da immunoloji cəhətdən bu cür xəstəliklərə bənzəyir. Ali təhsil müəssisəsinin laboratoriyalarının vaksin platforması çox geniş və güclüdür. Biz hesab edirik ki, koronavirusa qarşı hazırladığımız vaksin bu infeksiyaya qarşı mübarizədə daha güclü bir vasitə olacaq. Pandemiya yaranandan bəri ABŞ-da 20-yə yaxın vaksin hazırlanıb və hazırda kliniki tədqiqatlar həyata keçirilir. Həmin vaksinlər bizim peyvənd platformasına nisbətən daha asan hazırlanır. Güman edirik ki, həmin vaksin növləri yararlı olmazsa, bizim hazırladığımız peyvəndin kliniki təcrübədən keçmə ehtimalı böyükdür. Hər birimiz gün ərzində təxminən 8 saat çalışırıq. Əgər hazırladığımız vaksin ABŞ Milli Səhiyyə İnstitutu tərəfindən bəyənilərsə, həkimlərlə işləməklə insanlar üzərində sınaqdan keçirəcəyik.
- Mütəxəssislər hansısa bir infeksiyaya qarşı vaksinin hazırlanması və tətbiqi üçün uzun müddət lazım olduğunu deyirlər. Bəs siz necə düşünürsüz?
- Bəli, vaksinin insanlar üzərində sınaqdan keçirilməsi uzun müddət çəkir. Kliniki tədqiqatların birinci mərhələsində (Phase 1 Clinical Trial) peyvəndin təhlükəsizliyi təxminən 20-50 sağlam insan üzərində yoxlanılır. İki ay müddətində vaksinin əks təsirlərinin olmadığını və qanda virusa qarşı immunoqlobulinlərin yarandığını gördükdən sonra ikinci mərhələyə keçilir. İkinci mərhələdə isə daha çox insan cəlb olunur. Əgər bir vaksin hazırlanırsa, ilk öncə təhlükəsizlik, daha sonra isə effektivlik əsas götürülür. Hansısa bir vaksinin hazırlanması, kliniki sınaqlardan keçməsi və insanlarda geniş tədbiqi üçün ən azı 2 il lazımdır. Biz hələ ki siçanlar üzərində çalışırıq. Bu, mövcud şərtlərdə kifayət qədər yaxşı model hesab olunur. Düzdür, sicanların orqanizmi insanlara bənzəməsə də, yenə bu metodla uğurlu nəticələr əldə etmək mümkündür.
- Sizcə, ABŞ-da pandemiya qurbanlarının sayının artmasının səbəbi nədir?
- Mən hesab edirəm ki, ABŞ hökuməti koronavirusun ciddiliyini gec qəbul etdi. Cari ilin fevral ayında Çində kütləvi ölümlərin qeydə alınmasına baxmayaraq, ABŞ hökuməti əhalini qorxmamağa çağırdı. Çinin qonşuları cəld tərpənərək vəziyyəti nəzarət altında saxladılar, nəticədə həmin ölkələrdə koronavirus geniş yayılmadı. ABŞ-da karantin reijmi martın ikinci yarısından tətbiq olunmağa başladı. Bu, çox gec idi. Bu səbəbdən də ABŞ xeyli sayda qurban verdi. Xəstəxanalarda yerlərin olmaması normal haldır. Təbii ki, bu qədər insanın eyni anda səhiyyə ocaqlarına axın etməsi belə bir nəticə verəcəkdi. ABŞ-da sərt karantin rejiminin tətbiqi mümkün deyil, çünki belə bir cəmiyyətdə qaydalar işləmir. Ancaq yenə də vaxtında düzgün tədbirlər alınmalı idi. Artıq vəziyyət düzəlməyə doğru gedir və müsbət tendensiya var. Gün ərzində ölkə üzrə xəstə sayında azalma müşahidə olunur. İnsanlar koronavirusun öldürücü gücünün fərqindədirlər, sadəcə, market və apteklərə getmək üçün evdən bayıra çıxırlar. Təbi ki, bu da öz nəticəsini verməyə başladı.
Bu gün ABŞ-ın gündəmində isə afro-amerikalıların daha çox koronavirusa yoluxduğu və öldüyü yönündədir. Amerikalı həkimlər onlarda bəzi xroniki xəstəliklərin daha çox olduğunu söyləsələr də, ancaq mən başqa səbəbləri olduğunu düşünürəm. Hazırda yaşadığım Çikaqo şəhərində üç insandan biri qaradərilidir. Ancaq koronavirusdan ölənlərin 70 faizi afro-amerikalılardır. Hesab edirəm ki, onlar iqtisadi baxımdan bir qədər çətin şərtlərdə yaşayırlar və bu vəziyyətdə belə hər gün işə getmək məcburiyyətindədirlər. Bir neçə ailənin bərabər qaldığı evlərdə yaşayırlar, bu isə virusun kütləvi yayılması üçün əlverişli şərait deməkdir. Ağdərili amerikalılar isə izolyasiya olunmuş evlərdə qalırlar. Onların işləri də daha rahatdır.
- Bildiyimizə görə, xərçəngə qarşı yeni immunopreparat da hazırlamısınız...
- Biz yeni bir metodu sınaqdan keçirmişik və uğurlu nəticələr əldə etmişik. Belə ki, immunoterapiya xərçəng xəstələrinin immun sistemini gücləndirərək xərçəng hüceyrələrinə təsir edir. Xərçəng xəstəliyinin müalicəsində tətbiq olunan ənənəvi metodlar kimyaterapiya və şüalandırmadır. Həmin vasitələr birbaşa xərçəng hüceyrələrinə təsir edir, eyni zamanda orqanizmə ciddi zərər verir. Bizim yanaşmamız isə fərqlidir. Biz orqanizmin ağ qan hüceyrələrinə təsir göstərməklə onları xərçəngə qarşı aktivləşdiririk. Bu metod ənənəvi müalicədən daha üstündür və daha uğurlu nəticələrə gətirib çıxarır. Mənim barəmdə sosial şəbəkələrdə çıxan xəbərlərin altına onsuz da xərçəngin müalicəsinin tapıldığını yazırlar. Sadəcə, bunu gizlətməyə çalışırlar. Ancaq əminliklə bu fərziyyələrin yalan olduğunu demək istəyirəm. ABŞ ildə 50 milyard dollar yalnız xərçəng xəstəliyinin müalicəsinin tapılmasına ayırır.
Bir də onu demək istəyirəm ki, xərçəng heterogen xəstəlikdir. Xərçəngin müxtəlif növləri var və bütün növləri üçün yalnız bir dərmanın olması mümkünsüzdür. Hətta bəzən eyni preparat eyni xərçəng növünü daşıyan müxtəlif insanlarda müxtəlif effektlər verir. Buna görə də həkimlərin arsenalında nə qədər çox preparat olsa, bir o qədər yaxşıdır. Bizim əsas məqsədimiz odur ki, müxtəlif immunopreparatlar hazırlayıb pasiyentlərin ömrünü mümkün qədər uzadaq.
- Bəs təhsilini başa vurduqdan sonra nə etmək fikrindəsən? Hazırda işlədiyin laboratoriyanı Azərbaycanda da qurmaq mümkündürmü?
- Ümumiyyətlə, mənim işlədiyim sahə Azərbaycanda, demək olar ki, yoxdur. Bu, ABŞ, Avropanın bəzi ölkələri və Çində tətbiq olunur. Bu sahənin əsas liderləri Çin və ABŞ-dadır. Çin xüsusilə bu sahəyə xüsusi diqqət ayırır. Bir laboratoriya yaratmaqla iş bitmir. Bu elmin inkişafı üçün bir çox laboratoriyaya ehtiyac var. Elmdə hər zaman rəqabət zəruridir. Rəqabət olmayan yerdə irəliləyiş əldə etmək mümkün deyil. Biz durmadan işləyirik. Bilirik ki, bu gün ABŞ-ın bütün laboratoriyalarında iş gedir. Bu bizi daima araşdırmağa məcbur edir, rəqabətə cəlb edir. Elm çox böyük investisiyalar tələb edir, onun gəliri də çox gec olur. Yəni ağac kimidir, bar verməsi bir az zaman alır. On il üzərində işlədiyin bir layihənin nəticəsini görmək illər alır. Elm bahalı biznesdir, bunun fərqində olan ölkələr ciddi cəhdlə çalışırlar. Mən də Vətəndən uzaqda Azərbaycanı qürurla təmsil etdiyimə görə fəxr duyuram. Ürəyim hər zaman Azərbaycanla döyünür. Burada diaspor tədbirlərində də yaxından iştirak edib ölkəmiz üçün əlamətdar olan tarixləri Amerika cəmiyyətinə tanıtmağa çalışıram. Gələcəkdə də qazandığım elmi biliklərlə ölkəmə və millətimə faydalı olmağa çalışacağam.
Müəllif: Vüsalə Abbasova