Azərbaycan dilində olan bütün terminlər bir saytda toplanacaq - YENİLƏNİB
- 06 mart, 2018
- 13:44

Bakı. 6 mart. REPORT.AZ/ AMEA-da www.terminologiya.az Milli Terminologiya veb-portalının təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə AMEA nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev, alimlər, mütəxəssislər iştirak ediblər.
İsa Həbibbəyli bildirib ki, veb-portal məhz Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi, informasiya cəmiyyətinin bərqərar olunmasına dair dövlət siyasətinin həyata keçirilməsi, eləcə də elmi fəaliyyətin informasiya təminatının gücləndirilməsi məqsədlərinə xidmət edir.
Rasim Əliquliyev deyib ki, internet texnologiyalarının sürətli inkişafı nəticəsində insanların virtual məkanda mövcud olan informasiya resurslarına çıxış imkanları qeyri-məhdud olduğundan termin yaradıcılığı işlərinin təkcə alim və mütəxəssislər tərəfindən həyata keçirilməsi böyük çətinliklər yaradır: "Bu problemin həllində, eyni zamanda terminlərin ictimai müzakirəsi və ekspertizası işlərində marağı olan hər kəs iştirak edə bilər. Bununla da ölkəmizdə vətəndaş terminologiyası formalaşdırıla bilər".
Veb-portalın dinamiki inkişaf edən, internet mühitində istismar olunan açıq milli informasiya resursu olduğunu qeyd edən R.Əliquliyev vurğulayıb ki, elektron terminologiya ölkədə formalaşmaqda olan “Elektron Azərbaycan”ın seqmentlərindən biri olan elektron elmin tərkib hissəsidir.
AMEA-nın akademik-katibinin sözlərinə görə, veb-portal terminoloji lüğətləri hazırlamış alim və mütəxəssislərin müəlliflik hüquqlarının qorunması üçün şəffaflıq və əlyetərliliyin təmin olunması nəticəsində geniş imkanlar yaradacaq. Alim sistemin vətəndaşlara elektron terminoloji xidmətlər göstərməklə yanaşı, ölkədə terminologiya fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Yusif Sadıyev milli terminoloji veb-portalı təqdim edərək onun strukturu və dizaynı haqqında ətraflı məlumat verib. Bildirib ki, www.terminologiya.az (www.azterm.az) adı altında yaradılan veb-portal Nazirlər Kabinetinin 4 sentyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə, o cümlədən Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırılıb və təhlükəsizlik təmin olunub.
Məruzəçi qeyd edib ki, www.terminologiya.az portalı Nazirlər Kabineti yanında Terminologiya Komissiyası və onun elmi bölmələrinin fəaliyyətini, terminoloji və Azərbaycan dilinin digər lüğətlərini əks etdirən informasiya bazasına və geniş axtarış imkanlarına malik informasiya resursudur.
Y.Sadıyev əlavə edib ki, portalın ən mühüm xüsusiyyətlərindən biri də “İctimai tribuna” bölməsi vasitəsilə Terminologiya Komissiyası və vətəndaşlar arasında onlayn əlaqələrin qurulması imkanının olmasıdır. Bölmədə yeni terminlər və müzakirə üçün mövzu təklif etmək, eləcə də mövcud terminlərə münasibət bildirmək mümkündür.
*** 16:32
"Azərbaycan dilində olan bütün terminlər bir saytda toplanacaq".
"Report" xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Milli Terminoloji veb-portalının təqdimat mərasimində deyib.
O bildirib ki, www.terminologiya.az veb-portalında fərqli sahələri əhatə edən terminlərin hamısı yer alacaq: "Bu günə kimi çap olunan terminoloji lüğətlər portalda olacaq. Bu proses davam edəcək, bundan sonra çap olunan terminoloji lüğətlər, bu sahədə olan bütün yeniliklər də portalda yerləşdiriləcək".
AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib ki, terminoloji veb-portalda nə varsa, hamısı dövlətin möhürüdür. O bildirib ki, www.terminologiya.az veb-portalında müvafiq qurumların qəbul etdiyi, təsdiq olunmuş terminlər yerləşdiriləcək: "Terminologiya sahəsində "Xüsusi Texniki Komitə" formalaşdırılması üzərində işlər gedir. Bu sahədə olan beynəlxalq standartlar milliləşdirilməlidir. Gördüyümüz işlər dünya standartlarına cavab verməlidir".
R.Əliquliyev qeyd edib ki, İnformasiya Texnologiyaları İnstitutunun hazırladığı veb-portal istifadə üçün Dilçilik İnstitutuna təhvil veriləcək: "Dilçilik İnstitutu portalı işlətsə də, portalın təhlükəsizliyinin təmin olunmasına İnformasiya Texnologiyaları İnstitutu nəzarət edəcək".