AMEA koronavirusla bağlı yeni sistem hazırlayıb

AMEA koronavirusla bağlı yeni sistem hazırlayıb AMEA-nın Coğrafiya İnstitutu günün reallığından irəli gələn və Azərbaycan üçün əhəmiyyətli olan layihə icra edib.
Elm və təhsil
18 Aprel , 2020 18:01
AMEA koronavirusla bağlı yeni sistem hazırlayıb

AMEA-nın Coğrafiya İnstitutu günün reallığından irəli gələn və Azərbaycan üçün əhəmiyyətli olan layihə icra edib. 

"Report" xəbər verir ki, institutun direktoru, akademik Ramiz Məmmədovun rəhbərliyi ilə Geoinformatika və kartoqrafiya şöbəsinin böyük elmi işçisi Yaşar Nəsibov və Xəzərin səviyyə problemi şöbəsinin elmi işçisi Elnur Səfərov, həmçinin bu layihə çərçivəsində əməkdaşlıq edilən Türkiyənin Samsun Universitetinin əməkdaşı Fatih Ocak tərəfindən “COVID-19: Azərbaycanın real zamanlı monitorinq sistemi” işlənib hazırlanıb.

Layihənin əsas məqsədi Azərbaycanda və dünyada koronavirus pandemiyasının real zamanda monitorinqinin aparılmasıdır.

Tətbiqdə dünya ölkələri, eləcə də Azərbaycan üzrə pandemiya haqqında məlumatlar əks olunur və bu rəqəmlər sutka ərzində azı bir dəfə yenilənir.

Layihənin ideya rəhbəri Yaşar Nəsibovun bildirdiyinə görə, tətbiqdə istinad edilən dünya ölkələri üzrə məlumatlar "Johns Hopkins Universiteti CCSE”ndən götürülüb və burada ESRI şirkətinin Coğrafi İnformasiya Sistemləri texnologiyasından istifadə edilib.

Azərbaycan üzrə pandemiya haqqında rəqəmlər Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarına, eləcə də koronavirusinfo.az saytına istinad edilməklə verilir. Şəhər və rayonlar üzrə əhali, xəstəxanalar, yaşı 65-dən yuxarı olan insanların sayı və s. məlumatlar haqqında Dövlət Statistika Komitəsinə istinad edilir. Azərbaycan üzrə vektor məlumatlarının müəlliflik hüququ isə Coğrafiya İnstitutuna məxsusdur.

Bu tətbiq cəmiyyətin maarifləndirilməsi işində, təhsil və elmi araşdırmalarda istifadə edilə bilər. Sosial layihə olduğundan ticarət məqsədilə istifadəsi qadağandır.

Tətbiqdən yararlanan hər bir kəs sutka ərzində dünyada və ölkəmizdə virusa yoluxanların, sağalanların, vəfat edənlərin, aktiv COVID-19 xəstələrinin, eləcə də aparılan testlərin sayı haqqında məlumat əldə edə biləcək. Həmçinin virusla mübarizə aparan ölkələrin sayını buradan öyrənmək olar. Bununla yanaşı, məkan analizlərinin təhlilinin aparılması, şəhər və rayonlar üzrə surətli axtarış verilməsi və digər funksiyaların da yerinə yetirilməsi mümkündür.

Rəsmi qurumlar tərəfindən ölkə üzrə yalnız ümumi məlumatlar paylaşıldığından, pandemiyanın şəhər və rayonlar üzrə yayılması haqqında sutkalıq məlumatları (01.04.2020-ci il tarixi istisna olmaqla) tətbiqə daxil etmək mümkün olmayıb. Rəqəmlər əldə edilərsə, şəhər və rayonlar üzrə sutka ərzində pandemiyanın yayılma arealını da göstərmək olar.

İstifadə edilən statistik məlumatlar Coğrafiya İnstitutunun əməkdaşları - elmi işçi Turanə Hüseynova və baş laborant Aygül Zülfüqarova tərəfindən hazırlanıb.

“COVID-19: Azərbaycanın real zamanlı monitorinq sistemi” ilə buradan tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi