AMEA-nın İdarə müdiri: Elm adamları üçün inşa olunan binada hər hansı mənzilin mənimsənilməsindən söhbət gedə bilməz

Elm və təhsil
  • 03 iyun, 2019
  • 11:17
AMEA-nın İdarə müdiri: Elm adamları üçün inşa olunan binada hər hansı mənzilin mənimsənilməsindən söhbət gedə bilməz

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin müdiri Fətəli Abdullayev Yasamalda alimlər üçün tikilən binada həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına mənzil alınması barədə məlumatlara münasibət bildirib.

F.Abdullayev "Report"a açıqlamasında deyib ki, yataqxanada yaşayan elm adamları üçün inşa olunan binada hər hansı mənzilin mənimsənilməsindən söhbət gedə bilməz.

"Bu kimi xəbərlər həqiqəti əks etdirmir. Məlumatda müqavilənin nömrəsi və vəsaitin məbləği yazılıb. Əgər mənzilin qiyməti ödənilibsə, burada qəbahətli nə var?! Belə olduğu halda, hansı mənimsəmədən söhbət gedə bilər? Müqavilədə elə bir şərt var ki, Akademiyanın istənilən əməkdaşı həmin binadan güzəştli şərtlərlə mənzil ala bilər" - deyə AMEA-nın İşlər İdarəsinin müdiri əlavə edib.

O həmçinin vurğulayıb ki, məsələ ilə əlaqədar Akademiyanın rəsmi mövqeyi ictimaiyyətə açıqlanacaq.

Məsələ ilə bağlı AMEA-nın prezidenti Akif Əlizadə və Akademiyanın vitse-prezidenti İbrahim Quliyevdən münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, təhsil eksperti Etibar Əliyev AMEA rəhbərliyini alimlər üçün tikilən şəhərçikdəki mənzilləri mənimsəməkdə, alimliyə aidiyyəti olmayan şəxslərə satmaqda ittham edib.