Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin (BDU) professoru Abuzər Alı oğlu Xələfov II Fəxri xiyabanda dəfn olunub.
BDU-dan "Report"a verilən məlumata görə, respublikada kitabxanaçılıq, biblioqrafiya elmlərinin və ali kitabxanaçılıq təhsilinin yaranması və formalaşması məhz Abuzər Xələfovun adı ilə bağlıdır.
Professor Azərbaycanda, Rusiyada, Gürcüstanda, Özbəkistanda mədəniyyət, kitabxana quruculuğu, kitabxanaşünaslıq tarixi və nəzəriyyəsi problemləri üzrə müdafiə edilmiş bir çox namizədlik və doktorluq dissertasiyalarının opponenti, yaxud müdafiə şuralarının üzvü kimi iştirak etmişdir.
A.Xələfovun elmi araşdırmalarında Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri problemləri mühüm yer tutur. Onun "Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı", "Azərbaycanda ali kitabxanaçılıq təhsili" kitabları, çoxsaylı məqalələri, tədris-metodik materialları respublikada kitabxanaçılıq-biblioqrafiya təhsilinin, yüksəkixtisaslı mütəxəssislər hazırlanmasının həllinə ciddi təsir göstərmişdir. Azərbaycanın müstəqilliyi dövründə 2 hissədən ibarət "Kitabxanaşünaslığa giriş" dərsliyinin çapdan çıxması A.Xələfovun elmi fəaliyyətinin zirvəsi sayıla bilər.
Ömrünü kitabxanaşünaslıq elminin və təhsilinin inkişafına həsr edən fədakar alim, ziyalı, qayğıkeş və səmimi insan, təcrübəli pedaqoq və gözəl ailə başçısı Abuzər Alı oğlu Xələfovun əziz xatirəsi unudulmayacaq, onu tanıyanların qəlbində həmişə yaşayacaq.