“Yaxın günlərdə ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbuluna başlanılacaq”.
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Prezidentin müvafiq sərəncamına əsasən ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı müraciət edən şəxslərlə yanaşı, aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında iştirakı da dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
M.Abbaszadə bildirib ki, yuxarıda qeyd olunan 5 kateqoriyaya aid abituriyentlər bu imtiyazdan istifadə etmək üçün "Abituriyentin elektron ərizəsi" formasını doldurmamışdan əvvəl DİM tərəfindən yaradılmış "Müvafiq sərəncamla müsabiqədə iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən abituriyentlərin qeydiyyatı sistemi" vasitəsilə qeydiyyatdan keçməlidirlər:
“Bu abituriyentlər verilmiş keçiddə (keçidi bura qoyuruq) “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu daxil edib “Qeydiyyata al” düyməsini basmalıdırlar.
“Qeydiyyata al” düyməsini basdıqdan sonra sistem avtomatik olaraq müvafiq dövlət orqanının məlumat bazasından vətəndaşın statusu haqqında məlumatı tapır və ekranda bu barədə bildiriş göstərilir. Abituriyent yalnız bundan sonra ödənişsiz imtahan vermək imkanına malik olur və “Abituriyentin elektron ərizəsi” formasının doldurulması və təsdiqi zamanı vəsait tələb olunmur. Əgər müvafiq dövlət orqanının elektron bazasında vətəndaş haqqında lazımi informasiya yoxdursa, sistem məlumatın tapılmaması haqqında bildiriş verir. Bu halda abituriyentlər müvafiq dövlət orqanına müraciət etməlidirlər”.