“Polaris Dawn” özəl kosmik missiyasının buraxılışı 2024-cü ilin aprelindən yayına ertələnib.
“Report” xəbər verir ki, bu barədə “Polaris Programm” şirkətinin nümayəndələri sosial şəbəkədə açıqlayıblar.
“Polaris Dawn” çərçivəsində turistlərin gəmidən kənarda ilk dəfə kosmosa çıxması planlaşdırılır. Komanda bir sıra elmi təcrübələr də keçirmək niyyətindədir.
“Polaris Programm” bildirib ki, layihə öz məqsədlərinə çatmaq və ekipajın Yerə təhlükəsiz qayıtmasını təmin etmək üçün əlavə aylarla hazırlıq tələb edəcək.
Missiya komandası dörd nəfərdən - milyarder və “Polaris” özəl kosmik proqramının təsisçisi Cared Ayzekman, ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyatda olan polkovniki Skott Potitdən, həmçinin “SpaceX” mühəndisləri Sera Gillis və Enn Menondan ibarət olacaq.
Kosmik turistlər “SpaceX”in “Falcon 9” raketinin göyərtəsində “Crew Dragon” modulunda orbitə çıxacaqlar. Yerdən kənara səyahət beş gün davam edəcək.
Bu, “Polaris Dawn”ın buraxılışının təxirə salınması ilk dəfə deyil. Missiyanın əvvəlcə 2022-ci ilin sonunda başlaması planlaşdırılırdı.