Təhsil Nazirliyinin Kollegiyası qismən səfərbərliklə əlaqədar hərbi xidmətə cəlb olunan tələbələrin təhsilində yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədilə akademik məzuniyyətin verilməsi qaydalarında dəyişiklik edib.
"Report" xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov feysbuk hesabında yazıb.
"Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”dakı dəyişikliyə əsasən, tələbələrə verilən akademik məzuniyyət hallarının əhatə dairəsi genişlənib. Belə ki, tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə buraxılacaqlar. Qərar noyabrın 24-dən qüvvəyə minib”, - şöbə müdiri qeyd edib.