"Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə" müsabiqəsinin qalibləri mükafatlandırılıb
- 27 noyabr, 2026
- 15:35
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə" respublika müsabiqəsinin final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının (QAİ) rəhbər heyətinin üzvləri, Milli Məclisin deputatları, Elm və Təhsil Nazirliyinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, məktəblilər, valideynlər, məktəb rəhbərləri və müəllimlər iştirak ediblər.
Tədbirdə əvvəlcə müsabiqə iştirakçılarının hazırladıqları Qərbi Azərbaycanın tarixi abidələrinin maketlərindən ibarət sərginin açılışı olub. Lentin kəsilməsindən sonra qonaqlar sərgi ilə tanış olub, məktəblilərin hazırladıqları maketlərə baxış keçiriblər.
Tədbiri giriş sözü ilə açan QAİ-nin Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı layihənin əhatə dairəsi və nəticələri barədə məlumat verib.
O bildirib ki, müsabiqə ölkənin müxtəlif bölgələrindən, Bakı şəhərinin bütün rayonlarından, eləcə də Xankəndidən məktəbliləri əhatə edib. Layihə çərçivəsində təqdim olunan 540 maketə mütəxəssislər tərəfindən baxış keçirilib. İlkin şərtlərə əsasən, final mərhələsinə 60 maketin çıxarılması nəzərdə tutulsa da, məktəblilərin təqdim etdikləri işlərin yüksək səviyyəsi və fərqliliyi nəzərə alınaraq bu say artırılıb və 160 layihə final mərhələsinə seçilib.
Məlahət İbrahimqızı qeyd edib ki, müsabiqənin əsas üstünlüklərindən biri məktəblilərin hazırladıqları maketləri yalnız nümayiş etdirməklə kifayətlənməmələri, eyni zamanda həmin abidələrin tarixi, coğrafi mövqeyi və memarlıq xüsusiyyətləri haqqında ətraflı məlumat vermələridir.
"Bu, onların mövzuya ciddi yanaşdığını, araşdırmalar apardığını və Qərbi Azərbaycanın tarixi irsinə maraq göstərdiyini təsdiqləyir", – deputat bildirib.
QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli layihənin həyata keçirilməsində əməyi olan İcmanın Qadınlar Şurasına, Elm və Təhsil Nazirliyinin kollektivinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, müəllimlərə və məktəb rəhbərlərinə təşəkkürünü bildirib.
Əziz Ələkbərli vurğulayıb ki, layihənin əsas əhəmiyyəti Qərbi Azərbaycana qayıdış ideyasının ölkənin bütün bölgələrində, məktəblilər arasında təbliğinə xidmət etməsidir.
"Qalib layihələr dekabrın 4-də keçiriləcək Qərbi Azərbaycan İcmasının IV Beynəlxalq Konfransı çərçivəsində nümayiş etdiriləcək. Tədbirdə 70-dən çox ölkədən 100-dən artıq nümayəndənin iştirakı gözlənilir və məktəblilərin əl işləri beynəlxalq qonaqlara təqdim olunmaqla Qərbi Azərbaycanın tarixi-mədəni irsinin tanıdılmasına xidmət edəcək", – o qeyd edib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında layihənin gənc nəslin formalaşması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyətini vurğulayıb.
"Uşaqların bu gün necə yetişdirilməsi gələcək cəmiyyətin formalaşmasına birbaşa təsir göstərir. Vətənpərvərlik yalnız sözlə deyil, ana dilini, tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini dərindən bilməklə formalaşır", – nazir müavini bildirib.
O, məktəblilərin tarixi abidələrin maketlərini hazırlayarkən apardıqları araşdırmaların xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
"Dərsliklərdə tarixi abidələr haqqında məlumatların oxunması ilə yanaşı, onların maketlərinin hazırlanması və təqdim edilməsi biliklərin daha dərindən mənimsənilməsinə imkan yaradır. Müsabiqə tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasına töhfə verir".
Firudin Qurbanov Elm və Təhsil Nazirliyinin bundan sonra da Qərbi Azərbaycana qayıdış konsepsiyasının həyata keçirilməsi istiqamətində İcma ilə əməkdaşlığı davam etdirəcəyini, bu mövzunun təhsil və maarifləndirmə layihələrində diqqətdə saxlanılacağını qeyd edib.
QAİ-nin Müşahidə Şurasının sədri, professor Misir Mərdanov layihənin təhsil, milli yaddaşın qorunması və gənc nəslin tarixi irsə bağlılığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
"Bu cür layihələr uşaqlarda tarixə maraq oyatmaqla yanaşı, onların milli kimlik şüurunun formalaşmasına və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsinə xidmət edir", – o bildirib.
Misir Mərdanov müsabiqə iştirakçılarına uğurlar arzulayıb, layihənin davamlı olmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirin sonunda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub. Məktəblilərin hazırladıqları maketlər Qərbi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin tanıdılması, tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm təşəbbüs kimi qiymətləndirilib.