Gürcüstan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı genişləndirir 

Gürcüstan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı genişləndirir  Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev arasında görüş keçirib.
Elm və təhsil
26 iyul 2025 12:12
Gürcüstan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı genişləndirir 

Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev arasında Bakıda görüş keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ölkənin Təhsil, Elm və Gənclər Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkənin təhsil sistemlərində həyata keçirilən islahatlar, mövcud əməkdaşlıq və qarşıda duran prioritetlər müzakirə edilib.

Görüş zamanı Givi Mikanadze bildirib ki, Gürcüstan azərbaycanlı şagird, tələbə və müəllimləri dəstəkləmək məqsədilə bir sıra layihələr həyata keçirir. Onun sözlərinə görə, bu təşəbbüslər sırasında məktəblərdə dil tədrisinin gücləndirilməsi və ali məktəblərdə tələbələrin maliyyələşdirilməsinin artırılması istiqamətində proqramlar yer alır.

Tərəflər STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) təhsilinin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayırıblar. Azərbaycan tərəfi Gürcüstanda STEAM mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Givi Mikanadze azərbaycanlı həmkarının bu sahədə əməkdaşlıq təklifini dəstəklədiyini vurğulayıb.

Görüşdə, həmçinin iki ölkənin təhsil nazirliklərinin nümayəndələrindən ibarət işçi qrupunun fəaliyyətinin bərpası məsələsinə toxunulub. Bildirilib ki, işçi qrup cari ilin avqust ayından etibarən birgə fəaliyyətə başlayacaq.

Sonda Givi Mikanadze Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevi Gürcüstana səfərə dəvət edib.

Son xəbərlər

Orphus sistemi