Müvafiq qurumlar tərəfindən sanitar-epidemioloji vəziyyətin kütləvi imtahanların keçirilməsi üçün əlverişli hesab olunacağı təqdirdə Dövlət İmtahan Mərkəzi tərəfindən aprel ayı ərzində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur.
Mərkəzdən "Report"a bildirilib ki, imtahan tarixləri və onların şəhər-rayonlar üzrə bölgüsü dəqiqləşib.
"Bütün imtahanlar yenə də Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla bağlı tövsiyələri nəzərə alınmaqla sosial məsafənin qorunması, eyni binada imtahan verənlərin sayına məhdudiyyətin qoyulması və Qərargahın müəyyən elədiyi digər şərtlərin yerinə yetirilməsi ilə təşkil olunacaq.
Kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə ötən il olduğu kimi, bu il də imtahanlar ölkə üzrə müxtəlif şəhər və rayonlara bölünməklə 3 həftə ərzində (hər həftədə 2 gün) keçiriləcək.
Buraxılış imtahanlarından əlavə, aprel ayının 2-də GRE, 3-də notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı, 11-də isə inzibati icraçı vəzifələr (B növ) üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının I mərhələsinin vaxtı barədə mart ayının sonlarında məlumat veriləcək", - DİM-dən bildirilib.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilmə qrafiki (cari ilin məzunları)
15 aprel | 16 aprel | 22 aprel | 23 aprel | 29 aprel | 30 aprel |
Gəncə-Kəpəz Qazax Qax Lənkəran Ağdam Tərtər İsmayıllı Şirvan Siyəzən Xızı Hacıqabul |
Nizami Suraxanı Binəqədi Səbail Sumqayıt Gəncə-Nizami Ağstafa Oğuz Astara Ağcabədi Şamaxı Saatlı |
Goranboy Naftalan Zaqatala Cəlilabad Beyləqan Ağdaş Ucar Salyan Xaçmaz Qobustan |
Xəzər Qaradağ Yasamal Nərimanov Abşeron Mingəçevir Balakən Masallı Füzuli Ağsu Zərdab Neftçala Quba |
Naxçıvan Göygöl Şəmkir Şəki Lerik Bərdə Göyçay Sabirabad Qusar Ölkə üzrə tədrisi ingilis, fransız dilində olan məktəblər Bakı-xüsusi məktəblər Çilov |
Xətai Sabunçu Nəsimi Pirallahı Samux Daşkəsən Tovuz Gədəbəy Qəbələ Yardımlı Yevlax Kürdəmir İmişli Şabran Biləsuvar |
- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
- Xüsusi məktəblərə (Bakı) – internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir.