Prezident İlham Əliyev “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən, Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarında zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 7 milyon manat vəsait ayrılıb. Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.