Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 29-30-da keçirilən buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 30 525 nəfərdən 423 nəfər imtahana gəlməyib.
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub.
İmtahan nəticələri ilə əlaqədar Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 27-30 may tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.