Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan təhsil müəsssisələrində bufet və yeməkxanaların fəaliyyətinin bərpa olunması üçün qoyulan tələblərin icrası ilə bağlı işlər görülür.
Bu barədə "Report"un sorğusuna cavab olaraq BŞTİ-dən bildirilib.
Qeyd olunub ki, bufetlərin tam hazır vəziyyətə gətirildikdən sonra qısa müddətdə istifadəyə verilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində yerləşən bufet və yeməkxanaların fəaliyyətinin bərpa olunması üçün bir sıra tələblər qoyulub.
Həmin tələblər aşağıdakılardır:
yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;
təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır;
ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;
yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır;
yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır;
yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir;
yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla);
təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir.