2021-2022-ci tədris ilindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 152 və 172 nömrəli tam orta məktəb fəaliyyətə başlayıb.
İdarədən "Report"a verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib.
Həmin tarixdən etibarən "Xabad-Or-Avner" məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir.
Məktəbdə digər fənlərlə yanaşı, "Yəhudi mədəniyyətinin əsasları", “Yəhudi xalqının tarixi” də öyrədilir və ikinci xarici dil kimi ivrit dili (ibri dili) tədris edilir.
Müasir tələblərə uyğun inşa edilmiş məktəb üçmərtəbəli kompleksdən ibarətdir. Məktəbdə yeməkxana, idman zalı və meydançası, fənn kabinetləri, kompüter otaqları fəaliyyət göstərir və tədris ocağı müasir avadanlıqlarla təchiz edilib.
Təhsil nazirinin daha bir əmrinə əsasən 172 nömrəli tam orta məktəbin də fəaliyyəti bərpa olunub. Üçmərtəbəli kompleksdən ibarət müasir standartlara cavab verən təhsil müəssisəsində yeməkxana, kitabxana, idman zalı, texnologiya kabinetləri, məktəbəqədər hazırlıq otaqları, həkim otağı, informatika kabinetləri, kompüterlərlə təchiz olunmuş oxu zalı, akt zalı, fənn kabinetləri, hərbi hazırlıq otağı fəaliyyət göstərir.
Qeyd edək ki, yeni tədris ilində paytaxtda ehtiyac olan ərazilərdə 5 yeni məktəbin tikintisi tamamlanıb, 3 yeni məktəbin tikintisi davam edir. Eyni zamanda 74 məktəbdə cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilib.