Nizami Kino Mərkəzində "Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi münasibətilə tədbir keçirilib.
"Report" xəbər verir ki, yubiley tədbirində elm və təhsil naziri Emin Əmrullayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, rəsmi şəxslər və ziyalılar iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən qəzetin baş redaktoru Sarvan İbrahimov çap məhsulunun tarixi və keçdiyi inkişaf yolu barədə geniş məlumat verib.
Daha sonra qəzetin 90 illik yubileyinə həsr olunan sənədli film nümayiş olunub.
Qəzetin yeni saytının təqdimatından sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev və digər natiqlər qəzetin təhsil sahəsindəki mühüm rolundan bəhs ediblər. Nazir vurğulayıb ki, müxtəlif dövrlərdə təhsilin keçmişinə baxmaq üçün bəlkə də "Azərbaycan müəllimi" qəzetinin tarixinə nəzər salmaq kifayətdir edir, çünki bu qəzet xəzinə və məlumat mənbəyidir. Qeyd olunub ki, “Azərbaycan müəllimi” qəzeti ölkənn çap mediası subyektləri sırasında yalnız mövzu dairəsinin özünəməxsusluğu ilə deyil, eyni zamanda jurnalist peşəkarlığı ilə fərqlənən nəşrlərdən biridir.
Tədbirin yekununda qəzetin yeni loqosu təqdim olunub, eyni zamanda qəzet əməkdaşları təltif olunub.
FOTO: Vüqar Xanlarov