Yevlaxda zərərvericilər çox sayda "Eldar Şamı"nı qurudub, kəsilməsinə qərar verilib.
Bu barədə "Report"a Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov məlumat verib.
Onun sözlərinə görə, Bakı-Ələt-Qazax avtomobil yolunun Yevlax rayonundan keçən hissəsinin (284-cü kilometrliyində) sağ və sol tərəflərində əvvəllər əkilmiş Eldar şamı cinsindən olan ağaclar ziyanvericilərin törətdiyi xəstəliklər səbəbindən quruyur:
"Ərazidə ağacların kütləvi şəkildə qurumasının müşahidə edilməsi ilə bağlı mütəxəssislər yerində araşdırma aparıb. Aparılan müayinələr nəticəsində məlum olub ki, ərazidə kütləvi şəkildə ziyanvericilər yayılıb və bu səbəbdən böyük bir sahədə Eldar şamı ağaclarına xəstəlik düşərək quruyub. Ağaclar qeydiyyata alınıb, ətrafdakı digər sağlam ağacların yoluxmasının qarşısının alınması məqsədilə qurumuş ağacların qanunamüvafiq qaydada kəsilərək ərazidən götürülməsinə qərar verilib".
Xidmət rəisi bildirib ki, sonrakı mərhələdə ərazi xəstəlik və ziyanvericilərdən təmizlənəcək, sahə yeni meşə əkininə hazırlanaraq yerli şəraitə uyğun ağaclar əkiləcək.