Yuxarı

Nazirlik: Bakı və Abşeronda sürüşmə sahələrində aktivləşmə müşahidə olunur

Baş geoloq: Aktivləşmə xüsusən Zığ və Bayıl sürüşmə sahələrində qeydə alınıb

Bakı. 30 yanvar. REPORT.AZ/ "Həm Bakı-Abşeron, həm də Respublika ərazisində olan sürüşmə sahələrində monitorinqlər aparılır".

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, hazırda rayonlarda olan sürüşmə zonalarında aktivlik yoxdur: "Şamaxı, İsmayılı, Gədəbəy rayonlarında olan sürüşmə zonasında müəyyən sahələrdə monitorinq aparırıq. Həmin sahələrdə hazırda sabitlikdir. Çünki orada qar yağıb və torpaq örtüyü qarla örtülüdür, hər yer buzdur. Rayonlarda sürüşmə hadisələri yazqabağı ola bilər, çünki həmin ərəfədə qar əriməyə başlayacaq".

Bakı və Abşeron ərazisində yağan qarın əridiyini vurğulayan mütəxəssis deyib ki, bu səbəbdən müəyyən ərazilərdə, xüsusən də Zığ, Bayıl sürüşmə sahələrində müəyyən aktivləşmə olub: "Həmin yerlərdə olan köhnə çatlarda müəyyən qədər aralanma, 1 sm böyümə baş verib. Müəyyən yerlərdə ancaq torpaqda uçqunlar əmələ gəlib. Bakı və Abşeron ərazisində olan sürüşmə sahələrindəki aktivləşmə qarın əriməsi ilə bağlıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi