Sarayevoda xeyriyyə yarmarkasında Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib
- 23 noyabr, 2026
- 18:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi Sarayevoda təşkil edilən ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında ölkənin mədəniyyətini və milli mətbəxini təqdim edib.
"Report"un Balkan bürosu xəbər verir ki, Diplomatik Qış Bazarı Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan səfirliyi ilə yanaşı, Bosniya və Herseqovinada akkreditə olunmuş 40-a yaxın diplomatik nümayəndəlik və beynəlxalq təşkilat, eləcə də yerli və xarici şirkətlər və təhsil müəssisələri öz stendləri ilə təmsil olunublar.
Azərbaycan stendində ölkənin dövlət rəmzləri nümayiş etdirilib. Ziyarətçilərə səfirlik əməkdaşlarının ailə üzvləri tərəfindən hazırlanmış milli mətbəx nümunələri, müxtəlif şirniyyatlar, çay, mürəbbələr və suvenirlər təqdim olunub.
Stendə gələn qonaqlar Azərbaycan mədəniyyəti, milli mətbəxi və qonaqpərvərliyi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Azərbaycan stendinə baş çəkənlər arasında Bosniya və Herseqovina Rəyasət Heyətinin boşnak üzvü Denis Beçiroviçin həyat yoldaşı Mirela Beçiroviç də olub. Səfirlik tərəfindən ona boşnak dilində nəşr edilmiş Azərbaycan milli mətbəxinə dair kitab hədiyyə olunub.
Qeyd edək ki, Azərbaycan bu xeyriyyə təşəbbüsünə artıq beşinci dəfə qoşulur. Yarmarka çərçivəsində əldə olunan gəlir Bosniya və Herseqovinada əlilliyi olan uşaqların yaşadığı müəssisələrə və aztəminatlı ailələrə dəstək göstərilməsi məqsədilə Diplomatik Qış Bazarı Birliyinə ianə edilib.