Bakı. 26 oktyabr. REPORT.AZ/ "İnkişaf səviyyəsindən asılı olmayaraq heç bir ölkə iqlim dəyişmələrinin təsirindən sığortalanmayıb".
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dayanıqlı İnkişafa dair Bakı Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bunu son vaxtlar tez-tez baş verən təbii fəlakətlər və ekstermal hadisələr əyani şəkildə göstərir.
Nazir qeyd edib ki, iqlim dəyişmələri dayanıqlı inkişafın nəinki ekoloji, həm də iqtisadi, sosial aspeklərinə ciddi təsir göstərir: "Dünya əhalisinin böyük hissəsi su qıtlığından əziyyət çəkir, gələcəkdə bu problemin daha da kəskinləşəcəyi gözlənilir. Dayanıqlı inkişaf gündəliyində olan öhdəliklərin təmin edilməsi üçün iqlim dəyişmələrinə həssas olan sahələrdə adaptasiya tədbirlərinin həyata keçirilməsi vacibdir. Buna su ehtiyatlarının inteqrasiyası, qəbul olunması, itkilərin azaldılması, kənd təsərrüfatının dəyişən iqlim şəraitinə uyğunlaşdırılması, meşələrin artırılması və s. misal göstərilə bilər".