Kafedra müdiri: Azərbaycanın iqlimi dörd quş populyasiyasını müşahidə etmək imkanı verir

Kafedra müdiri: Azərbaycanın iqlimi dörd quş populyasiyasını müşahidə etmək imkanı verir Hər il Azərbaycan üzərindən milyonlarla quş növü şimaldan cənuba, cənubdan şimala doğru miqrasiya edirlər.
Ekologiya
12 Oktyabr , 2024 14:23
Kafedra müdiri: Azərbaycanın iqlimi dörd quş populyasiyasını müşahidə etmək imkanı verir

Hər il Azərbaycan üzərindən milyonlarla quş növü şimaldan cənuba, cənubdan şimala doğru miqrasiya edirlər.

Bunu “Report”a açıqlamasında Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyev deyib.

O bildirib ki, şimaldan cənuba doğru miqrasiya edən köçəri quş növləri Rusiyadan Qazaxıstanın şimalına, Şimali Avropa ölkələrindən Azərbaycan ərazisinə keçib gəlirlər:

“Köçəri yuvalayan quşlar isə cənub- şərqi Asiya ölkələrindən, Afrikadan və Avstraliyadan bizim ərazimizə yuvalamağa gəlirlər. Azərbaycanın iqlimi dörd quş populyasiyasını müşahidə etmək imkanı verir. Onlar köçəri quşlayan, köçəri yuvalayan, miqrant və oturaq quş populyarıdır. Miqrant quş populyasiyaları bizim ərazimizdən istifadə edirlər. Oturaq quş populyasiyalarına isə bizim ərazimizdə daimi rast gəlmək olar”.

Ekspert söyləyib ki, quşların Azərbaycan ərazisinə keçməsi onların beynəlxalq konvensiyalara uyğun olaraq qorunması problemini gündəmə gətirir:

“Bu quşların böyük əksəriyyəti su – bataqlıq quşlarıdır. Xəzər dənizinin Azərbaycan sektorunda xüsusi rejimlə qorunan ərazilər var. Xüsusilə Qızılağac milli parkı su – bataqlıq quşlarının ən çox yerləşdiyi ərazidir. Dünyada baş verən iqlim dəyişiklikləri quşların köç vaxtına təsir etmir. Köç müddəti həmişə eyni vaxtda olur. Payızda günün uzunluğunun qısalması yaxud qida çatışmazlığı ilə bağlı quşlar şimal ölkələrdən cənub ölkələrinə miqrasiya edirlər”.

Bildirək ki, bu gün Beynəlxalq köçəri quş günü kimi qeyd edilir.

Son xəbərlər

Orphus sistemi