FAO və GEF-in dəstəyi ilə Naxçıvanda yeni layihə reallaşdırılacaq.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının "2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı"na uyğun olaraq BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdiriləcək “Naxçıvanda xüsusi mühafizə olunan ərazilər arasında əlaqələnmənin möhkəmləndirilməsi” adlı layihə üçün təfsilatlı layihə sənədinin hazırlamasına başlanıb.
Sözügedən layihənin konsepsiya sənədi GEF və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmiş və sənəd Nazirlik tərəfindən təsdiq edilib.
Layihənin hədəf ərazisi Şərqi Kiçik Qafqaz dəhlizidir. Layihənin məqsədi Naxçıvanda təbii resursların ekoloji cəhətdən dayanıqlı istifadəsinin təşviqi yolu ilə Şərqi Kiçik Qafqaz dəhlizində biomüxtəlifliyin qorunmasıdır.
Məlumat üçün bildirək ki, layihənin icrası üçün xüsusi mühafizə olunan təbiət əraziləri olan Zəngəzur Milli Parkı (42 797 ha), Arazboyu Dövlət Təbiət Yasaqlığı (9118 ha), Ordubad Dövlət Təbiət Yasaqlığı (27869 ha) və Arpaçay Dövlət Təbiət Yasaqlığı (68 911 ha) hədəf kimi götürülmüş və Naxçıvanda Şərqi Kiçik Qafqaz dəhlizi daxilində mühafizə, planlaşdırma və operativ idarəetmə potensialının gücləndirilməsi, Naxçıvanda Şərqi Kiçik Qafqaz dəhlizində davamlı kiçik miqyaslı kənd təsərrüfatı fəaliyyəti və turizmin təşviqi və biliyin paylaşılması, monitorinq və qiymətləndirmə nəzərə alınmışdır.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi layihə sənədinin hazırlanması üçün işçi qrupu yaratmışdır. Layihənin formalaşdırılması prosesinin effektiv əlaqələndirilməsi və lazımi məlumatların toplanması məqsədilə FAO-nun milli eksperti Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər zamanı Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, xüsusi mühafizə olunan ərazilərinin (XMTƏ) rəhbərliyi və işçiləri ilə görüşlər keçirilmiş, Zəngəzur Milli Parkına sahə səfəri edilmiş və yegerlərlə də görüşlər keçirilib.
Görüşlərin nəticəsində layihə çərçivəsində XMTƏ-lərinin işçi heyətinin əməliyyat imkanları artırılması, ehtiyacları müəyyən edərək onlar üçün təlim və bacarıqların inkişafı tədbirlərinin həyata keçirilməsi, milli park əməkdaşlarının adekvat avadanlıqlarla təchiz olunması (məsələn, uniforma, təhlükəsizlik avadanlığı, İT avadanlığı, durbin, GPS, fənər, kameralar, dronlar, yanğınsöndürmə avadanlığı və s.), onların müvafiq nəqliyyat vasitələri ilə (yolsuzluq avtomobili, atlar, kvadrosikl, motosikl) təmin edilməsi, rabitə şəbəkəsinin alınması və quraşdırılması, təlim və təcrübə mübadiləsi səfərlərinin təşkil edilməsi, XMTƏ-ləri üçün patrul zonalaşma sistemi yaradılması, işçi heyətinin infrastrukturunun yenilənməsi (məsələn, binalar, müşahidə qüllələri), arıçılıq avadanlıqlarının alınması ilə yerli təsərrüfatlara dəstək verilməsi, və.s istiqamətlərdə dəstəyin göstərilməsinin vacib olduğu bildirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Layihə İdarəetmə Bölməsini dəstəkləmək üçün xüsusi struktur yaradacaq.