Saat 16:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, Gəncə, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Bərdə, Mingəçevir, Yevlax, Tərtər, Goranboy, Göyçay, Kürdəmir, Sabirabadda arabir yağış, Altıağacda isə qar yağır.
Cənub-şərq küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Altıağacda 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şahdağda 18 m/s, Xaltan və Kəlbəcərdə 17 m/s-yə çatıb.
Naftalan, Daşkəsən, Şəki, Qax, Şəmkir, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Aran rayonlarında 9 , Naxçıvan MR-da 2 dərəcəyədək isti, dağlıq rayonlarda isə 3 dərəcəyədək şaxta qeydə alınıb.
Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı olub.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5, Quba, Qobustan, Kürdəmir, Sabirabad, Neftçala, Göyçay, Astarada 1 mm-dir.
Cənub-şərq küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Şahdağda 20 m/s, Bakıda və Abşeron yarımadasında eyni zamanda Xaltanda 16 m/s-dək güclənib.
Daşkəsən, Göygöl, Şamaxı, Xaltan, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.