"İqlim dəyişmələri üzrə mövcud qanunvericiliyin təkmilləşdirilməsi və yeni hüquqi sənədlərin hazırlanması nəzərdə tutulur".
"Report" xəbər verir ki, bunu BMTİP-in Azərbaycan nümayəndəliyinin Milli Adaptasiya Planına Yardım layihəsinin meneceri Zaur Əliyev “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi NAP layihəsi çərçivəsində üç prioritet sahədə (su ehtiyatları, kənd təsərrüfatı və sahilyanı ərazilər) Milli Uyğunlaşma Planının hazırlanması, eləcə də iqlim dəyişikliyinə uyğunlaşma fəaliyyətlərinə dəstək göstərəcək: "Nəticədə iqlim dəyişmələrinin prioritet sektorlara təsiri ilə bağlı ətraflı analiz aparılacaq. Bu məqsədlə iqlim dəyişmələri məlumatlarının toplanması və paylaşılması üçün avadanlıqlar alınacaq. Həmçinin iqlim dəyişmələri üzrə yerli ekspert reysterinin yaradılması planlaşdırılır. Bundan başqa, Azərbaycanda iqlim dəyişmələrinə ən həssas 20 rayon müəyyənləşdiriləcək".
Layihə meneceri bildirib ki, iqlim dəyişmələrinə həssaslıq indeksi yaradılması nəzərdə tutulub: "Adaptasiya İşçi Qrupunun nizamnaməsi yaradılması düşünülür. Eyni zamanda özəl sektorların iqlim dəyişmələri fəaliyyətlərinə cəlbi məqsədilə ilin sonuna qədər iqlim dəyişmələri ilə bağlı özəl sahinkarların ölkə daxili forumunun təşkili planlaşdırılır".