Mirzə Cəlilin Gürcüstan arxivlərində saxlanılan məktubundan: “Acizanə xahiş edirəm ki,...”

Mirzə Cəlilin Gürcüstan arxivlərində saxlanılan məktubundan: “Acizanə xahiş edirəm ki,...” Gürcüstan arxivlərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin xeyli məktubu saxlanılır.
Ədəbiyyat
13 Mart , 2020 09:26
Mirzə Cəlilin Gürcüstan arxivlərində saxlanılan məktubundan: “Acizanə xahiş edirəm ki,...”

Gürcüstan arxivlərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin xeyli məktubu saxlanılır.

“Report”un yerli bürosu “Molla Nəsrəddin” satirik jurnalının əksər karikaturalarının müəllifi, alman rəssam Oskar Şmerlinqin rəqəmsal arxivinə C.Məmmədquluzadə ilə bağlı daxil edilən sənədlər və onların məzmununu araşdırıb.

Müraciətlərin əsas mövzuları

Gürcüstanın Milli Arxivində saxlanılan həmin sənədləri Mirzə Cəlil öz dəst-xətti ilə rus dilində qələmə alıb. Müraciət xarakterli məktublar 1906-cı ilin fevralın 21-dən 1917-ci il fevralın 13-nə qədər olan dövrü əhatə edir.

Sənədlər toplusuna böyük ədibin “Molla Nəsrəddin”in Tiflisdə nəşr olunmasına icazənin verilməsi, maddi çətinliklər səbəbindən jurnalın nəşrinin dayandırılması, yenidən bərpa olunması və digər məsələlərlə bağlı şəhər qubernatoruna ünvanladığı səkkiz petisiyadır.

Cəlil Məmmədquluzadə ilk müraciətində yazıb: “Zati-aliləri, Sizdən acizanəxahiş edirəm ki, mənə Tiflis şəhərində tatar dilində öz tipoqrafiyamda redaktorluğum altında həftəlik satirik-yumoristik “Molla Nəsrəddin” (müsəlman ədəbiyyatında məşhur oyunbazın adı) jurnalını nəşr etdirməyə icazə verəsiniz”.

15 qəpiklik “Molla Nəsrədddin”

Ədib petisiyada jurnalda yer alacaq materialların siyahısını və abunə haqqını da qeyd edib: “Söhbətlər, zarafatlar, felyetonlar, yumoristik şeirlər, teleqramlar, satirik hekayələr, lətifələr, poçt qutusu, şəxsi elanlar, karikatura və illüstrasiyalar. Abunə qiyməti: illik – beş rubl, 6 aylıq – üç rubl, 3 aylıq – iki rubl. Nömrənin ayrılıqda qiyməti – 15 qəpik”.

C.Məmmədquluzadə həmçinin məlumat verib ki, 1904-cü ildə “Şərqi-Rus” qəzetinin redaktoru kimi təsdiq olunub və bundan bir il əvvəl ona Tiflis şəhərində “Novruz” qəzetini nəşr etdirməyə icazə veriblər: “Lakin bəzi düşüncələrə görə mən o zaman həmin qəzetin nəşrindən imtina etdim”.

Mirzə Cəlil Tiflisi tərk etməsi və sonuncu petisiya

1910-cu ilin oktyabrında yazıçı Tiflis qubernatoruna ünvanladığı müraciətdə ailə vəziyyəti ilə bağlı şəhəri tərk etməli olduğu barədə yazıb: “Ailə vəziyyətimlə əlaqədar olaraq dörd ay müddətinə Tiflis şəhərindən uzaqlaşıb Yelizavetpol quberniyası, Şuşanın Kəhrizli kəndinə gedirəm. Zati-aliləri, Sizdən acizanə xahiş edirəm ki, jurnalın redaktorluğunun müvəqqəti olaraq əməkdaşım Məmmədli Sidqiyə həvalə olunmasına icazə verəsiniz”.

Ədibin sonuncu müraciəti “Molla Nəsrəddin” jurnalının nəşrinin Gürcüstan Nəşriyyatı Cəmiyyətinin tipoqrafiyasından “Mədəniyyət” tipoqrafiyasına köçürülməsi ilə bağlı olub.

Qeyd edək ki, Azərbaycanın böyük ədibi “Molla Nəsrəddin” jurnalının ilk sayını Tbilisidə 1906-cı ilin aprelin 7-də nəşr etdirib. Satirik toplu bu şəhərdə 1918-ci ilədək işıq üzü görüb.


Xatırladaq ki, Oskar Şmerlinqin rəqəmsal arxivininin yaradılması üzrə işləri ABŞ-dan olan araşdırmaçılar Naomi Kaffi və Robert Denis aparırlar.

Cəlil Məmmədquluzadə 1869-cu ilin fevralın 22-də Naxçıvan şəhərində anadan olub. O, 1933-cü ildə Bakıda vəfat edib. 

Son xəbərlər

Orphus sistemi