Dünya şöhrətli türkiyəli dramaturq Tuncer Cücenoğlunun "Report"un Türkiyə bürosuna müsahibəsi.
- Bu gün də pyesləriniz dünyanın müxtəlif ölkələrində səhnəyə qoyulur. Bu uğurunuzu nəyə borclusunuz?
- “Kor döyüşü” adlı ilk pyesimi 50 il əvvəl yazmışam. Növbəti teatr mövsümündə Türkiyə də daxil olmaqla bütün dünyada yubiley fəaliyyətimin qeyd olunması üçün hazırlıqlar gedir. Təbii ki, bu da məni çox sevindirir.
Ümumilikdə, 28 pyes yazmışam və əsərlərim Azərbaycan, isveç, çin, ukrayna, litva, rus, ingilis, alman, fransız, bolqar, yunan, makedon, gürcü, yapon, tatar, ərəb, fars, macar, çərkəz, özbək dilləri də daxil olmaqla 30 xarici dilə tərcümə edilib. Eyni zamanda Azərbaycan, Rusiya, Bolqarıstan, Rumıniya, Ukrayna, Gürcüstan, Özbəkistan, Qırğız Respublikası, İran, Fransa, Litva, ABŞ da daxil olmaqla 30-dan çox ölkədə səhnəyə qoyulub.
Əslində, ali təhsilimi kitabxanaçılıq ixtisası üzrə almışam. Uzun illər ixtisasım üzrə işlədim və universitetlərdə dərs dedim. Ancaq kitablar məni dramaturqa çevirdi. “Qadıncıqlar” adlı pyesim ilk dəfə olaraq 1987-ci ildə keçmiş Yuqoslaviyada səhnəyə qoyuldu. Daha sonra Ukrayna, Krım və Avrasiya coğrafiyasında əsərlərim səhnələşdirildi. Təkcə Qazaxıstanda 14 pyesim tamaşaya qoyulub.
Mən klassik rus ədəbiyyatından bəhrələndiyimi deyə bilərəm. Tolstoy, Dostoyevski, Çexov, Puşkin, Qorki, Qoqolun əsərləri ilə böyüdüm. Düzdür, rus dilini bilmirəm, ancaq bu dili gözəl bilənlərin rus ədəbiyyatını mükəmməl şəkildə Türkiyəyə gətirdiklərinə görə çox şanslıyam. Azərbaycan və Türk dünyasının zəngin ədəbiyyatını da mənimsədikdən sonra bəşəri dili qavradım və nəticə etibarilə mən də onlar kimi yazmağa başladım. Bu da bütün yazdıqlarımın dünya coğrafiyasında qəbul olunmasına zəmin yaratdı.
- Sizə Türkiyənin Çexovu da deyirlər. Əsərlərinizdə daha çox cəmiyyəti narahat edən hansı problemlərə toxunmusunuz?
- Bəli, məni bəzən belə də adlandırırlar. Ancaq bir az təvazökarlıqdan uzaq olsa da, mən yaradıcılığımı daha zəngin sayıram. Yalnız bəşəri dillə bütün insanları və insanlığı narahat edən, maraqlandıran məsələlərə toxunmaqla onlarla həmfikir olmaq olar. Bu gün “Uçqun” pyesim Rusiyada 24 teatrda səhnəyə qoyulub. Bəzən mənə bütün bunlar xəyal kimi gəlir. Çünki adlarını saydığım Rusiyanın böyük dramaturqlarının heç birinin əsərləri bu qədər yayılmayıb. Bu da həmin insanların ortaq həsrətlərinin olmasına əyani sübutdur. Əslində, əsərlərimdə insanların axtardıqlarını, həsrətini çəkdikləri şeyləri tapdıqlarını deyə bilərəm. Çünki bütün pyeslərimdə toplumu narahat edən məsələləri gündəmə gətirmişəm. Məsələn, insan haqları, demokratiya, qadın hüquqları və s. “Uçqun”da qorxunun, səssiz qalmağın heç bir problemi həll etməyəcəyindən yazmışam. Burada qadın həbsxanalarında qadınlara verilən dəhşətli işgəncələrdən, öz körpəsini cəmiyyət basqısından öldürən sistemdən bəhs olunur. “Qadıncıqlar”da dünyada istismar olunan qadınları qələmə almışam. Dünyanın hər yerində də belə qadınlarımız var. “Çıxışı olmayan yollar” əsərimdə də qadınların problemlərini gündəmə gətirmişəm. “Boyacı”da bir xəstəxananı boyamağa gedən ər-arvadın bir müddət sonra orada həkimlik etdiyindən bəhs etmişəm. Yaxşı pul qazandıqlarını görüb "həkim" olmağa qərar verirlər. Bir az komediya janrında yazdığım bu əsərimdə də mesajlar çoxdur və bütün dünyada çox böyük sevgilə qarşılanıb.
Bəzən hansı teatrlarda hansı əsərimin oynanıldığından xəbərsiz oluram. Bir qrup azərbaycanlı aktyor Adana şəhərinə gəlmişdi və onlar mənə “Ah bir yoxsul olsam” tamaşasını bir neçə ölkəda qastrol səfərində olarkən oynadıqlarını dedilər. Bu da məni çox qürurlandırdı.
Mənim üçün əsas meyar səhnə əsərlərimin Avrasiya coğrafiyasında nümayiş olunmasıdır. Bu gün ABŞ-da əsərlərim səhnələşdirilir və mənə çox gözəl məktublar yazırlar. Bununla belə, Avrasiya coğrafiyasından gələn alqışlar qədər məni həyəcanlandırmır, sevindirmir. Təbii ki, bir türk yazarın əsərinin Amerikada oynanılması çox böyük uğurdur. Ancaq mən türk coğrafiyasını heç bir yeri sevmədiyim qədər böyük sevgi ilə sevirəm. Çünki mənim üçün çox önəmlidir. Türk cümhuriyyətləri həm də dünyanın gələcəyini quracaq, dünyaya düzən gətirəcək ölkələrdir. Azərbaycan da həmin ölkələrdən biridir və bu baxımdan qardaş dövlətə çox önəm verirəm. Eyni zamanda Azərbaycan və Türkiyə xalqlarının ruhunun əkiz olduğuna inanıram. Bir çox ziyalımız, qabaqcıl insanlarımız Azərbaycanda daima böyük sevgi və sayğı ilə qarşılanıblar. Böyük şairimiz Nazim Hikmət Azərbaycanda olarkən “Mən onlarla əkiz ruha sahibəm və onlar mənim qardaşlarımdır. Onların yanında özümü rahat hiss edirəm. Ən xoşbəxt olduğum yer azərbaycanlı qardaşlarımın yanıdır” deyib. Hətta onun “Fərhad və Şirin” baletinin bəstəkarı XX yüzilin ən böyük bəstəkarlarından biri olan Arif Məlikovdur. Nazim Hikmət mərhum bəstəkara güvənərək “o, mənim ruh əkizimdir, bu işin öhdəsindən gələcəyinə inanıram” deyib. Bu gün də “Fərhad və Şirin” baleti dünyanın ən böyük teatr səhnələrində nümayiş olunur və əlbəttə, bu da böyük uğurdur. Bundan başqa, Əziz Nəsin də Azərbaycanda böyük sevgi və hörmətlə qarşılanıb. Onun da əsərləri ən çox səhnələşdirilənlər sırasındadır. Azərbaycan xalqı onları bağrına basıb. Nazim Hikmətin oğlum dediyi görkəmli türkoloq-alim, gözəl insan Əkbər Babayev böyük şairimiz ölənədək onun yanından bir dəqiqə belə ayrılmayıb.
- Azərbaycanda da tamaşa qoyulan pyesləriniz var...
- Azərbaycanda 7 əsərim - “Kor döyüşü”, “Uçqun”, "Matruşka”, "Rəngsaz”, "Gözəlçələr”, “Ax bir yoxsul olsam” və “Boyacı” Bakı, Gəncə, Lənkəran, Sumqayıt və Naxçıvan teatrlarında oynanılıb.
Son vaxtlar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi çox gözəl bir işə imza atıb. Müəlliflik hüquqlarımın qorunması məqsədilə mənimlə müqavilə bağladılar və səhnəyə qoyulan əsərlərim üçün artıq mənə vəsait ödənilməyə başlandı. Düşünürəm ki, Azərbaycanın mənə göstərdiyi diqqət və qayğı onların sənətə qayğısının nümunəsidir.
Mən Azərbaycana səfərlərimdə bir çox şəhərlərə getdim, xalqla, sənətçilərlə tanış oldum. Əminliklə deyə bilərəm ki, onlar çox yüksək səviyyədə təhsil almış bir toplumun övladlarıdırlar. Azərbaycanın havası və suyu istedadlar yetişdirir. Musiqiçiləri, bəstəkarları, rəssamları, aktyorları, bir sözlə, sənətlə bağlı olan hər bir insanı inanılmaz dərəcədə mükəmməldir. Fikrimcə, Azərbaycanda təhsilsiz insan yoxdur və möhtəşəm bir şeydir. Azərbyacan xalqı bir-birinə sevgi və sayğı göstərən çox dəyərli bir xalqdır. Eyni zamanda Azərbaycan xalqında sözün həqiqi mənasında istiqrar var. Hər kəs öz işini çox gözəl şəkildə icra edir. Həmçinin Azərbaycanda təşkilatçılıq işləri çox gözəl şəkildə qurulub, böyük tədbirlərə ev sahibliyi edir və bu işin öhdəsindən çox mükəmməl şəkildə gəlinir. Eyni vaxtda 40-50 ölkədən nümayəndələr gəlir və qüsursuz şəkildə onların qarşılanması, hotellərə yerləşdirilməsi və s. heç bir əksik olmadan bu işi mükəmməl icra edirlər. Mən Bakıda qatıldığım beynəlxalq tədbirlərin birində bunu gördüm və hətta Türkiyənin “Sabah” qəzetində öz köşə yazımda bununla bağlı yazmışdım. Bakı dünyada gördüyüm ən gözəl şəhərlərdən biridir. Geniş və düzgün yolları olan, təmiz və işıqlı bir şəhərdir. İnsanları mükəmməl, xoşməramlıdır. Sonuncu dəfə səfərim Gəncə şəhərinə olub. Mənim “Matruşka” və “Gəlinciklər” pyesim səhnəyə qoyulmuşdu. Gəncəyə də heyran qaldım. Bu gün Azərbaycan və Türkiyə ayrılmaz parçadır və xalqlarımızın bunun qiymətini yaxşı bilməsini arzulayıram.
Son illərdə Azərbaycan bu sahədə olduqca uzun yol qət edib. Düşünürəm ki, bir ölkənin dünyada ən yaxşı tanıtımı incəsənəti, mədəniyyəti, kinosu, musiqisi, rəqs məktəbləri ilə olur. Azərbaycanda aparılan işlər bunun çox gözəl qavranıldığını deməyə əsas verir. Azərbaycan mədəniyyəti, musiqisi ilə artıq dünyada özündən söz etdirir. Azərbaycan bir gün Asiyanın ulduzu olacaq.
- Sizin dünyada ən çox səhnəyə qoyulan pyesinizin “Matruşka” olduğunu desək, yəqin ki, yanılmarıq. Sizcə, əsərin bu qədər sevilməsinin səbəbi nədir?
- Bəli, doğru deyirsiniz. Mən bu pyesi 1994-cü ildə yazmışam və ilk dəfə Türkiyədə tamaşaya qoyulub. Bundan sonra ABŞ-da, Gürcüstanda və dünyanın müxtəlif ölkələrində oynanılıb. Əsər gizli sevgi hekayəsindən bəhs edir və bu cür hekayələrin bütün dünyada olduğu hamımıza məlumdur. Çinə də getsəniz, Avropaya da getsəniz, Amerikaya da getsəniz, hər kəs eşqdən danışır. Heç bir siyasi mesaj verməyən eşq çox gözəl bir duyğudur. “Matruşka”nın sevilməsi və izlənməsinin başlıca səbəbi eşqi anlatmasıdır. Hazırda da “Matruşka” tamaşası Gəncə Dövlət Dram Teatrının repertuarındadır.
- Bəs hazırda hansısa bir pyes üzərində işləyirsinizmi?
- Bəli, çox gözəl bir əsər üzərində işləyirəm. Azərbaycanda da, Türkiyədə də hər kəs “Sarı Gəlin” xalq mahnısını çox yaxşı bilir. Hətta ermənilər də ona sahib çıxmağa çalışırlar. Mən bu pyesimdə mümkün olsa sülhə xidmət etməyə çalışacağam. Çünki bir şeyi əminliklə deyə bilərəm ki, Ermənistan Azərbaycan torpaqlarını haqsız yerə işğal edib, yüzlərlə, minlərlə insanı qətlə yetirib. Eyni zamanda Ermənistan Türkiyəyə qarşı yalan və böhtan dolu ittihamlarla çıxış edir. Polşada, Fransada, Avropanın bir çox ölkələrində qərarların çıxarılmasına nail olmaqla özlərini sübut etməyə çalışırlar. Bunlar onu göstərir ki, erməni məsələsi Azərbaycan və Türkiyənin ortaq problemidir. Biz onlara ağıllı olmalarını və böhtanlarla heç bir şeyə nail ola bilməyəcəklərini başa salmalıyıq. Bu gün Türkiyədə 125 min erməni işləyir. Bu da Ermənistanın məhv olmaq üzrə olduğunu, nüfuzunun hər gün azaldığını, dağıldığını göstərir. Mən onları sülhə çağırıram, bu gedişlə onsuz da məhv olacaqlar.
Əslində, musiqili səhnə əsəri yazıram. Pyesdə ABŞ-dan Türkiyəyə gələn erməni qadınının burada ailəsini tapmağa çalışdığını və tanış olduğu azərbaycanlı hüquqşünasla arasında başlayan eşq hekayəsindən bəhs olunur. Erməni qadın sevgi üçün hər şeyi qurban verir və onlar ailə həyatı quraraq Türkiyədə yaşayırlar. Sonda onların “Sarı Gəlin” mahnısını hamıyla bərabər oxumasını çox mükəmməl şəkildə canlandırmağa çalışacağam. Fikrimcə, uğurlu tamaşa olacaq və dünyaya səs salacaq. İnşallah, mən bunu yekunlaşdırdığım zaman Türkiyə və Azərbaycanın Ermənistan problemi həllini tapmış olacaq. Nəticə etibarilə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları həqiqi sahibləri olan azərbaycanlılara qaytarılacaq.
Vüsalə Abbasova