"İngiltərə yığmasının çempion olacağına inanıram".
Bunu "Report"a müsahibəsində "Turan Tovuz" klubunda çıxış edən britaniyalı futbolçu Natan Oduva bu il Qətərdə keçiriləcək mundialda ölkəsinin komandasının şansları barədə danışarkən deyib.
26 yaşlı vinger millidə yaxşı, gənc və istedadlı oyunçuların olduğunu bildirib: "Lakin belə böyük turnirlərdə hər şey baş verə bilər. Komandalar təzyiq altında çıxış edirlər. Son dünya və Avropa çempionatındakı nəticələrə əsasən, yığmanın kifayət qədər təcrübəyə malik olduğunu deyə bilərəm".
Oduva B qrupunda ABŞ millisi xüsusi fərqləndirib: "Onlar yaxşı komandaya malikdirlər. İstedadlı və gənc futbolçuları çoxdur. İngiltərə bu görüşə ciddi yanaşmasa, çətin olacaq".
"Tottenhem" klubunun yetirməsi olan oyunçu DÇ-2022-nin Qətərdə və qışda keçirilməsinə də toxunub: "Bu, təqvimi sıx olan bəzi liqalar üçün çətinlik yaradacaq. Buna baxmayaraq, düşünürəm ki, hamı bu dəfəki mundiala uyğunlaşmağa çalışmalıdır".
O, mundialı mütləq televiziya vasitəsi ilə izləyəcəyini deyib. Oduvanın fikrincə, bu, dünyanın ən böyük futbol yarışıdır.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. İngiltərə B qrupunda Uels, İran və ABŞ-la mübarizə aparacaq.
Natan Oduvanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.