"Turan Tovuz" klubunun futbolçusu Natan Oduvanın "Report"a müsahibəsi
İngiltərənin "Tottenhem" klubunun yetirməsi olan 26 yaşlı vinger London təmsilçisinin əsas heyətində meydana çıxmayıb.
Forvard İngiltərənin U-17, U-18, U-20, Nigeriyanın isə U-23 yığmasında çıxış edib. Mövsümün əvvəlindən Tovuz təmsilçisinin formasını geyinən futbolçu Azərbaycanda "Keşlə"nin də (hazırkı "Şamaxı) uğurları üçün çalışıb.
- Azərbaycan Premyer Liqasının XI turunda "Qarabağ"a 0:3 hesabı ilə uduzdunuz. Matç haqqında nə deyə bilərsiniz?
- Bizim üçün çətin görüş oldu. Ölkə çempionuna qarşı oynayırdıq. Kiçik səhvlərə yol verdik və onlar bizi cəzalandırdılar.
- Meydanda səviyyə fərqi çox hiss olunurdu?
- "Qarabağ"dakı futbolçular artıq bir neçə mövsümdür ki, birlikdə oynayırlar. Biz isə cəmi 3 aydır toplaşmışıq. Buna baxmayaraq, mübarizə aparmağa və rəqibə çətinlik yaratmağa çalışdıq.
- Komandanız bu mövsüm nəyə nail olacaq? Qarşınıza hansısa məqsəd qoyulubmu?
- Biz gələcəyə diqqət yetirmirik. Diqqətimizi yalnız öz meydanımızda keçirəcəyimiz "Sumqayıt"la matça yönəltmişik. Komanda üçün məqsədlər şəxsidir və yalnız klub daxilində saxlanılacaq. Ümid edirəm, buna hörmətlə yanaşarsınız.
- Britaniyalı futbolçular nadir hallarda Azərbaycanda çıxış edir. Buradakı karyeranız haqqında düşüncələriniz necədir?
- İlk növbədə mənim üçün çətin oldu. Çünki uzun müddət oynamırdım və ötən mövsümün ikinci yarısında "Keşlə"yə (hazırkı "Şamaxı") keçdim. Ancaq bu mövsüm özümü daha yaxşı hiss edirəm. Meydana çıxanda həmişə xoşbəxt oluram.
- İngiltərə yığmasının bu il Qətərdə keçiriləcək dünya çempionatındakı şanslarını necə görürsünüz?
- Onların şanslarının olduğuna inanıram. Heyətdə yaxşı, gənc və istedadlı futbolçular var. Lakin belə böyük turnirlərdə hər şey ola bilər. Komandalar da təzyiq altında çıxış edirlər. Son dünya və Avropa çempionatındakı nəticələrə əsasən, yığmanın kifayət qədər təcrübəyə malik olduğunu deyə bilərəm.
- İngiltərə millisi B qrupunda İran, ABŞ və Uelslə üz-üzə gələcək. Bunlardan hansını daha çətin rəqib hesab edirsiniz?
- ABŞ çox yaxşı komandaya malikdir. Orada istedadlı və gənc futbolçular çoxdur. İngiltərə bu görüşə ciddi yanaşmasa, onlar üçün çətin olacaq.
- Yığmanın çempionluq üçün potensialı varmı?
- Onların bunu bacaracağına inanıram. Amma bayaq dediyim kimi burada böyük təzyiqlə üzləşə bilərlər. Bu səbəbdən asan olmayacaq.
- İngiltərə yeganə çempionluğunu 1966-cı ildə əldə edib. Həmin vaxt azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun tarixi qərarından sonra qol qeydə alınıb. Bu barədə məlumatınız var?
- Bu barədə məlumatsız idim. Amma bu gün yeni bir şey öyrəndim. Bunun üçün sizə təşəkkür edirəm.
- Toni Adamsın daha əvvəl Azərbaycanda işlədiyini necə bilirsinizmi?
- Bəli. "Turan Tovuz"dakı köməkçi məşqçi onunla birlikdə "Qəbələ" klubunda çalışıb. Adamsın buradakı fəaliyyəti barədə də mənə danışıb.
- Bəzi tanınmış futbolçular və baş məşqçilər DÇ-2022-nin Qətərdə və qışda keçirilməsindən narazıdır. Sizin fikriniz necədir?
- Bu, təqvimi sıx olan bəzi liqalar üçün çətinlik yaradacaq. Buna baxmayaraq, düşünürəm ki, hamı bu dəfəki mundiala uyğunlaşmağa çalışmalıdır.
- Dünya çempionatı ərəfəsində Azərbaycan Premyer Liqasında fasilə olmayacaq. Çempionatı izləmək üçün planınız varmı?
- DÇ-2022-ni mütləq televiziya vasitəsi ilə izləyəcəyəm. Çünki bu, dünyanın ən böyük futbol yarışıdır.