Komitə sədri: "Dini radikalizmə qarşı mübarizə həm də maarifçilik yolu ilə aparılmalıdır"

Komitə sədri: "Dini radikalizmə qarşı mübarizə həm də maarifçilik yolu ilə aparılmalıdır" Xətai rayonunda “Dini radikalizmlə mübarizə və maarifçilik işinin təşkili” mövzusunda konfrans keçirilib
Din
15 Noyabr , 2016 19:37
Komitə sədri: Dini radikalizmə qarşı mübarizə həm də maarifçilik yolu ilə aparılmalıdır

Bakı. 15 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə və maarifçilik işinin təşkili” mövzusunda konfrans keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, orta məktəb direktorları və müəllimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov radikalizmin bütün cəmiyyət üçün təhlükə olduğunu, hər bir vətəndaşın radikalizmə qarşı mübarizədə fəal iştirakının zəruriliyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini radikalizmin yaranması səbəbləri və onun fəsadları barədə məlumat verib. Bildirib ki, dini radikalizmə qarşı mübarizə həm də maarifçilik yolu ilə aparılmalıdır. Mübariz Qurbanlı qeyd edib ki, dövlət müstəqilliyimizi bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə olduğu kimi çatdırılması dövlətin əsas prinsiplərindən birinə çevrilib.

Dövlət Komitəsinin sədri dövlətin dinə qayğısından bəhs edərək, bütün ənənəvi dinlərin fəaliyyəti, eyni zamanda vətəndaşların öz ibadətlərini sərbəst şəkildə həyata keçirmələri üçün hər cür şərait yaradıldığını vurğulayıb.

Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov çıxış edərək gənclərin vətənpərvər vətəndaş, ailə dəyərlərinə, adət-ənənələrə bağlı şəxsiyyət kimi formalaşmasında məktəb təhsilinin vacibliyini qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin Xətai rayonu üzrə səlahiyyətli nümayəndəsi Əhmədli qəsəbə məscidi dini icmasının sədri və axundu Hacı Murad Cəfərov Qurani-Kərimdə başqa dinlərə və mədəniyyətlərə dözümlü münasibətin öz əksini tapdığını bildirib. Axund qeyd edib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin və dinlərin yaşadığı bir məkan olub. Hazırda ölkəmizdə üç səmavi dinin nümayəndələri qarşılıqlı anlaşma və mehribanlıq şəraitində yaşayırlar. 

Son xəbərlər

Orphus sistemi