Ramin Məmmədov tələbələrlə görüşüb
- 24 sentyabr, 2026
- 14:22
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı İlahiyyat Kollecinə (BİK) 2026/2027-ci tədris ili üzrə qəbul olan tələbələrlə görüşüb.
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Aİİ-nin rektoru, dosent Aqil Şirinov İnstitutda tələbələr üçün yaradılmış təhsil mühitindən və mövcud imkanlardan danışıb.
O, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Aİİ tələbələri üçün təsis edilən müxtəlif təqaüd proqramlarının tələbələrin həvəsləndirilməsi və onların təhsilinə dəstək baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Rektor tələbələrin gələcək fəaliyyətlərində dövlətçilik prinsiplərinə, milli-mənəvi dəyərlərə sadiq mütəxəssislər kimi cəmiyyətdə dini sabitliyin və sağlam mənəvi mühitin qorunmasında fəal iştirak etmələrinin vacibliyinə toxunub.
R.Məmmədov Aİİ-nin ölkənin mənəviyyat mərkəzi kimi xüsusi rola və məsuliyyətə sahib olduğunu vurğulayıb. Bildirib ki, dörd illik təhsil dövrü insanın gələcəyini formalaşdıran, həyat yolunu müəyyənləşdirən mühüm mərhələdir.
Dövlət Komitəsinin sədri gənclərin ixtisasları üzrə biliklərə dərindən yiyələnərək, peşəkar kadrlar kimi formalaşmalarının ölkə üçün vacib olduğunu qeyd edib. Çıxışda cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunması və təbliği baxımından dinin və mədəniyyətin düzgün çatdırılmasının mühüm əhəmiyyət daşıdığı, təhdidlərə qarşı təhsilli, savadlı və həmrəy kadrların yetişdirilməsinin zəruriliyi nəzərə çatdırılıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov təqaüd proqramlarının tələbələrin bilik və bacarıqlarının inkişafına, onların milli-mənəvi dəyərlərə bağlı, yüksək ixtisaslı və cəmiyyət qarşısında məsuliyyətini dərk edən mütəxəssislər kimi formalaşmasına dəstək verdiyini deyib.
O həyata keçirilən proqramların, həmçinin, gənclərdə elmə və biliyə marağın artırılmasına, onların potensialının üzə çıxarılmasına və sağlam rəqabət mühitinin formalaşdırılmasına xidmət etdiyini qeyd edib. Vüsal Göyüşov "Həmzə Nigari" adına təqaüd proqramının görkəmli şəxsiyyətin irsində təcəssüm edən elm, mənəviyyat və kamillik ideyalarının gənc nəslə çatdırılmasına, bu zəngin mirasın yaşadılmasına xidmət etdiyini söyləyib.
Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov 2026/2027-ci tədris ili üzrə tələbə qəbulu barədə məlumat verib. O, tələbələrə təhsil müddətində biliklərini davamlı şəkildə artırmağı, verilən imkanlardan səmərəli yararlanmağı və gələcək peşə fəaliyyətlərinə məsuliyyətlə yanaşmağı tövsiyə edib.
Qeyd edək ki, Aİİ-nin "Dinşünaslıq" ixtisası üzrə ən yüksək qəbul nəticəsi 610,8 bal, "İslamşünaslıq" ixtisası üzrə isə 434,9 bal olub.
Bakı İlahiyyat Kollecinin "Dini-mənəvi xidmət" ixtisasına 9 illik təhsil bazasından qəbul olanlar arasında ən yüksək nəticə 207 bal, 11 illik təhsil bazasından qəbul olanlar arasında isə 115 bal olub.
Sonda Həmzə Nigari adına təqaüdün qalibi təltif olunub, 2026/2027-ci tədris ili üzrə yüksək göstəricilərlə qəbul olan tələbələrə hədiyyələr təqdim edilib.